Həmişə arzu etmişəm ki, pulum olsun və məni maraqlandıran bütün məsələləri məqalə yazıb mənə sadə dildə izah etməsi üçün çoxlu mütəxəssisləri kirayələyə bilim. Öz ixtisasım olmayan – ələlxüsus da sosioloji və siyasi məsələlərdə məni çoxlu suallar maraqlandırır, amma onlara cavab tapa bilmirəm.
Məsələn, sovet dövründən bu günə qədər Azərbaycanın yerli elitası nə dərəcədə dəyişib? Kimlər kimlərin nəvə-nəticələridir? Keçmiş raykom nəvələri bu gün haradadırlar? Bu suallara təxmini yox, konkret rəqəm və cədvəllərlə cavab istəyirəm. Sovet dövründə DQMV-nin Bakı və ya Moskvadan nə dərəcədə müstəqilliyi var idi? Məsələn, Bakı Moskvadan daha müstəqil idi, yoxsa Stepanakert Bakıdan? DQMV-nin məclisindəki erməni və müsəlman deputatların münasibətləri necə idi? Yaxud da son zamanlar hamımızı dəli edən bəzi suallar var. Məsələn, sülh müqaviləsi niyə imzalanmır? Ümumiyyətlə, sülh müqaviləsi niyə imzalanmalıdır – məgər müqavilə olmadan da münasibətləri normallaşdırmaq olmazmı? Yaxud da Sputnikdəki bu məqalənin verdiyi mesaj nədir? ABŞ Konqresinin fərdlərə qarşı tətbiq etdiyi sanksiyalar necə işləyir və bu sanksiyaların real həyatda təsiri nədir? “Azərbaycan Rusiyaya yaxınlaşır” nə deməkdir?
Bu sualların bəzilərinə cavab vermək asandır, bəzlərinə isə çətin və spekulyativdir. Amma bu sualların cavabını axtarmaq mənim işim deyil. Sosioloq, politoloq və hüquqşünas həm də bu kimi suallara cavab vermək üçün lazımdır. Həmçinin bu sualları oxuyanlar fikirləşə bilər ki, onların sonuncularına cavab vermək əslində çox rahatdır. Məncə həmin adamar yanılırlar. Bu suallara cavab vermək rahatdırsa, oturub cavablarını məqalə formasında yazsınlar. Bir-bir, maddə-maddə konkret cavab versinlər bu suallara. Görək həqiqətən də bu sualların cavabı sadə imiş, ya yox.
Təəssüf ki, bu sualları cavablandırmaq üçün mütəxəssis kirayələməyə pulum yoxdur. Mənim özümü kirayələyən lazımdır. Ümidim ziyalılaradır. Ziyalının işi ictimai müzakirələr yaradıb mövcud müzakirəyə yön vermək, ictimai əhəmiyyətli məsələlərə aydınlıq gətirməkdir. Azərbaycan dilində ziyalı sözü üç mənada istifadə olunur.
- Oxumuş, savadlı adam.
- Akademik fəaliyyətlə məşğul olan adam.
- Yuxarıdakı təriflərdən ən azı birinə uyğun gələn ictimai fəal və müəyyən avtoriteti olan adam.
Əvvəlki bir məqaləmdə ziyalılardan şikayətlənib “Azərbaycanda ümumiyyətlə ziyalı varmı” deyə sual verib belə bir nəticəyə gəldim ki, bizdə sözün ən vacib olan üçüncü mənasında ziyalı yoxdur və ya çox azdır. (Məsələn, bunun səbəbləri nədir? Bu suala sosioloq və qismən də filosoflar cavab verə bilər). Bizdə hələ də birinci və ikinci mənalarda ziyalılar var. Amma onlar da məqalə yazmırlar. Başqa sözlə desək, 2+2=4 kimi sadə olduğunu iddia etdikləri məsələləri insanlara izah etmək ehtiyacı duymurlar özlərində.
Bəs sözün birinci və ikinci mənasında ziyalı olanlar niyə məqalə yazıb ictimai əhəmiyyətli məsələləri insanlara izah etmir, problemli məsələlərə aydınlıq gətirmirlər? Onlardan soruşsanız, yəqin deyəcəklər ki, vaxtları və ya həvəsləri yoxdur. Bir tərəfdən düz deyirlər, çünki onlar özləri də zəngin deyillər və bütün günü işləyirlər. Vaxtları qalmır ictimai fəaliyyətə. Amma məncə həvəslərinin olmaması iddiası doğru deyil. Həvəsləri var – istəyərlər ki, ictimai müzakirələrə aydınlıq gətirsinlər, onlara yön versinlər. İstəyərlər ki, onları oxuyanlar “bıy həəə, indi başa düşdüm; ay, allah dədənə rəhmət eləsin” desin. Kim istəməz ki?
Bəs bu adamlar niyə məqalə yazmırlar? Məncə, məqalə yazmamaqlarının səbəbi əslində özlərinin də rahat bildiklərini iddia etdikləri mövzuları dərindən bilməməkləridir. Yeyib-içmək masasında həmin mövzulardan danışa bilərlər. Amma 3-4 min sözlük məqalə ilə öz fikirlərini ətraflı izah edə bilərlər? İnanmıram. Bəlkə Azərbaycanda heç sözün birinci və ikinci mənasında da ziyalı yoxdur. Bəlkə də Azərbaycan böyük bir kənddir.
Bu məqaləni kənd sakinləri Ayaz Rzayev, Nicat Məmmədbəyli, Səməd Rəhimli və Nicat Qarayev başda olmaqla əli qələm tutan bütün dostlarıma ithaf edirəm.