Skip to content

Vətəndaş İtaətsizliyi

XIX əsr Amerikasının individualist fəlsəfi hərəkatı transsendentalizmin ən görkəmli nümayəndələrindən biri olan Henry Devid Toronun “Vətəndaş İtaətsizliyi” adlı essesi 2018-ci ildə Başla Kitabın Seçmə Yazılar: Özünəinam – Vətəndaş İtaətsizliyi – İşin Ləğvi kitabında nəşr edilib. Tərcüməsi mənə aid olan bu esseni buradan yükləyib oxuya bilərsiniz. Başla Kitab bir neçə tələbə dost tərəfindən qurulub və on ildən çoxdur könüllülük əsasında fəaliyyət göstərir. Bu müddət ərzində Başla qırxa yaxın kitab və jurnal nəşr edib. Biz – başlaçılar bir kitabın satışından əldə etdiyimiz pulla növbəti kitabları tərcümə və nəşr edirik. Başlaya dəstək olmaq istəsəniz, onun kitablarını alın və paylaşın. Eyni zamanda da Patreondan Başlaya mənə dəstək ola bilərsiniz. Yuxarıda adı çəkilən kitabın ön sözündən bir hissəni aşağıya əlavə edirəm.

Dövlətə və kütləyə qeyd-şərtsiz tabe olmağın təhlükəli olduğunu və bunun insanın fərdiyyətçiliyini məhv etdiyini diqqətə çatdıran Toro, ədalətin kor-koranə formada qanunları izləmək olmadığını vurğulayır: “əgər [dövlət] sizdən başqasına qarşı törədilmiş ədalətsizliyə vasitəçi olmağı tələb edirsə, onda ‘qanunu pozun’ deyirəm!” Dövlətin gücünün azad fərdlərdən qaynaqlandığını deyən Toro, əsil “azad və aydınlanmış dövlətin” fərdi özündən daha yüksək və məntiqli güc olaraq qəbul etməsinin labüd olduğunu qeyd edir. Belə ki, transsendentalistlər fərdlərin izləməli olduğu hansısa bir yol təklif etmirdilər. Çünki nə qədər qəribə səslənsə də “doğru yol budur” dedikləri andan etibarən onlar bütün dəyərlərinə və prinsiplərinə qarşı çıxmış olardılar. Bu səbəbdən də “etməklə mükəlləf olduğum yeganə şey vəziyyətdən asılı olmayaraq, mənim doğru olduğunu düşündüyüm şeydir,” deyən Toronun yazılarında digər siyasi filosoflardakı kimi ardıcıl siyasi nəzəriyyə axtarmaq səhv olardı. Toro ədalətli cəmiyyətə gedən yolda ətrafdakıların təzyiqlərini dəf edib öz istəyinə görə hərəkət edən azad düşüncəli fərdlərin mövcudluğunu əsas amil hesab edir.

Leave a Reply