Skip to content

Pul və Şöhrət: Resursların Sui-istifadəsi

Politologiyada əsas mövzulardan, narahatlıq doğuran məsələlərdən biri budur ki, zəngin insanlar öz iqtisadi güclərini siyasi gücə çevirirlər və bunun nəticəsində də demokratiya zəifləyir. Sənin pulun çoxdursa, siyasətçiləri müxtəlif yollarla ələ ala bilirsən və mətbuat sənin istədiyin mövzuları sənin istədiyin şəkildə işıqlandırır. Beləliklə, gündəmi zənginlər müəyyən edir, demokratiyanın da içinə pox olur. Bunun qarşısını necə almaq olar? Məsələn, dövlət siyasətçilərin və mətbuat orqanlarının bir şəxsdən ala biləcəyi ianə məbləğinə limit quyur (“bir nəfərdən yüz manatdan artıq ianə almaq olmaz”) və müxtəlif yollarla zəngin insanların öz pullarını siyasi məqsədlərlə istədikləri kimi xərcləməsinə qadağa gətirir. Qısası, dövlət pulun siyasətdəki istifadəsini tənzimləyir. Beləliklə də, zəngin insanların siyaətçiləri ələ almasını qeyri-mümkün edir və ya çətinləşdirir, bunu da belə əsasıandırdı ki, “bir sahədəki resurs digər sahəyə təsir etməməlidir.”

Lap yaxşı. Amma nəzərə alın ki, pul insanın əldə edə biləcəyi resurslardan sadəcə biridir. Digər resurslara şöhrət, yaraşıq, sosiallaşma bacarığı, xarizma, natiqlik və s. daxildir. Məsələn, mən siyasətçi ola bilmərəm: görünüşüm buna imkan vermir, kimdir mənə səs verən? Deyək ki, saç-saqqalı kəsdim, axı sosiallaşma bacarığım da yoxdur. Nə İmamoğlu kimi tanımadığım adamı “sana kurban olurum” deyib qucaqlaya bilərəm, nə də Ərdoğan kimi şeir oxuyub camaatı ağlada bilərəm. Amma adi bir kasıb adam xarizmatik, yaxşı nitq qabiliyyətli və yaraşıqlı (hafif kaslı) olsa,  bunun hesabına insanların rəğbətini qazana bilər. Dövlət xarizmanı, natiqliyi və yaraşığı necə tənzimləyəcək?

Əvvəla deyim ki, mən zəngin insanların siyasətə pul qoymasına qadağa gətirilməsinin tərəfdarı deyiləm. Dövlət heç kəsə deməməlidir ki, “sən pulunu filan cür istifadə etməlisən” və ya “sən filan qədər ianə ala bilərsən.” Mən könüllülük tərəfdarıyam. Alan razı, verən razıdırsa, dövlətə söz demək düşməz. Əgər adi vətəndaşlar siyasi cahil olmasa – məsələn, zəngin şəxslərdən ianə götürən siyasətçilərə səs verməsə, mətbuatın hər dediyinə inanmasa, “filan mətbuat orqanı haradan pul alır” kimi suallara cavab axtarsa, onda varlıların siyasətə pul tökməsinin heç bir təsiri olmaz. Varlıların siyasətə pul tökməsi nəticəsində demokratiyanın içinə ona görə pox olur ki, adi vətəndaş siyasi cahildir. Qısası, mən dövlət tənzimlənməsinin tərəfdarı deyiləm, adi insanların könüllü şəkildə (öz xoşlarına) siyasətə pul tökən zənginlərə və onlardan pul alan siyasətçilərə “yox” deməsinin tərəfdarıyam.

Mənim premisim budur ki, sırf varlı adamlardan ianə alır, yaxud da sırf özü varlıdır deyə kiminsə siyasi güc qazanması pisdirsə, kiminsə sırf yaraşıqlı olduğuna görə siyasi güc qazanması da pisdir. Pulun siyasətdəki rolu məhdudlaşdırılmalıdırsa, yaraşığın, natiqliyin, xarizmanın da rolu siyasətdə məhdudlaşdırılmalıdır.

İndi keçək mövzuya. Son dünya çempionatında bəzi adamlar futbolçuları siyasi mesaj vermədiklərinə (kapitan sarığısının LGBT bayrağı rənglərində olmamasına) görə qınayırlar. Deyirlər ki, futbolçu məşhur adamdır və təsir imkanları genişdir, ona görə də gərək siyasi mesaj versin.

Mən bu fikrə tamamilə qarşıyam. Biz necə ki, zənginlərin siyasətə pul tökməsinə və onlardan pul alan siyasətçilərin güc sahibi olmasına imkan verməməliyik, qeyri-siyasi sektorların adamlarının da siyasətə qeyri-proporsional təsirinin qarşısını almalıyıq. Futbol əyləncə sektoruna daxildir və biz – futbol azarkeşləri imkan verməməliyik ki, futbolçu məhz futbola görə qazandığı şöhrətini digər sahələrdə istifadə edə bilsin. Tutaq ki, biz hamımız Messini tanıyırıq və sevirik məhz ona görə ki, o, əla futbol oynayır və onun oyununa baxmaq bizə ləzət edir. Messi bizi əyləndirir. Futboldan kənar isə Messi adi bir adamdır. Bizim fərd olaraq siyasətdə nə qədər sözümüz keçirsə, onun da o qədər sözü keçməlidir. Biz qeyri-siyasi sahədəki (idman, sənət və s.) uğurlarına görə məşhurlaşan adamların öz şöhrətlərindən siyasi sahədə istifadə etməsinə imkan verməməliyik. Bunun üçün də dövlətin hansısa təmzimləmə gətirməsinə ehtiyac yoxdur. Məşhurların siyasi fikirlərini göz ardına vuraraq, onlara “öz işinizlə məşğul olun” mesajı verərək, biz onların öz şöhrətlərini siyasətdə istfadə etməsinə əngəl ola bilərik. Bir sektorda məşhurluq qazanan adama imkan verməməlyik ki, o, öz məşhurluğunu başqa sektorda da istifadə etsin.

Bütün bunlar o demək deyil ki, məşhur adamlar siyasətdən danışmamalıdır. Təbii ki, onlar da adi vətəndaş kimi siyasətlə maraqlana bilər amma öz məşhurluqlarından sui-istifadə etməməlidirlər. Məhz qeyri-siyasi fəalyyətə görə məşhurlaşdıqları platformadan siyasi məqsədlər üçün istifadə etməməlidirlər. Belə bir istifadə məşhurluğun sui-istifadəsidir. Belə deyək:

1. Sən məşhur futbolçusan və milyonlarla izləyicin var. Sən sırf futbolçusan deyə camaat səni tanıyır. Öz sosial şəbəkə hesabından siyasi mesaj verə bilərsən, əlindən tutan yoxdur amma belə mesaj versən, onda məşhurluğundan sui-istifadə etmiş olacaqsan. Ona görə də, “məscdin qapısı açıqdır, itin abrına nə gəlib” deyərək siyasi fikirlərini ictimai olaraq paylaşma. (Məncə, məşhur adam siyasi aktivist ola bilər amma bu daha mürəkkəb mövzudur deyə indi müzakirə etməyəcəyəm. Əksər məşhurlar siyasi aktvist deyillər, ayda-ildə bir dəfə siyasi mesaj verirlər.)

2. Sən futbol azarkeşisən və sevdiyin futbolçu siyasi mesaj verir. Ona deməlisən ki, “mən səni siyasi fikirlərinə görə yox, oyununa görə sevirəm. Öz işinlə məşğul ol, get oyun oyna.”

Beləliklə, bizim qeyri-siyasi sektorda məşhurlaşan adamlardan siyasi mövqe ortaya qoymaqlarına dair gözləntimiz olmamalıdır. Tam tərsinə, onlar belə mövqe ortaya qoyanda da buna etiraz edib “öz işinlə məşğul ol” deməliyik. Bizim onlardan gözləntimiz olduğu müddətdə, onların da öz məşhurluqlarından sui-istifadə etməsi imkanları qalacaq. Bir sahədə qazanılmış resursun (məsələn, futboldakı şöhrətin) digər sahəyə (siyasətə) transfer edilməsi pisdir (ədalətsizlikdir və nəticələri cəmiyyət üçün təhlükəlidir). Pulun siyasətə təsiri pisdirsə, qeyri-siyasi sahədəki şöhrətin də siyasətə təsiri pisdir. Bu prinsip tərsinə də işləyir. Məsələn, siyasətin də futbola (həmçinin sənətə və s.) təsiri pisdir.

Yekunda demək istəyirəm ki, gəlin insanları da öz mandatlarına uyğun sevək. Futbolçu futbolun oynasın, müğənni mahnısın oxusun, aktyor kinoya çəkilsin – onlar da daxil olmaqla biz hamımız adi vətəndaşlar kimi siyasətlə maraqlanaq, qarışaq və adi vətəndaşlar kimi siyasi fikirlərimizi bəyan edək.

Leave a Reply