Skip to content

Üç Əxlaq: Sayın Ərdoğan

İnsanlar əxlaqi məsələlərə gələndə dövlətlə allaha güzəştə gedirlər: özləri kimi adi bir insan onların haqqına girəndə, həmin adamı əxlaqsızlıqda ittiham edib ona qarşı kin bəsləyir və ondan intiqam almağa çalışırlar; amma eyni şeyi onlara dövlət və ya allah edəndə, bəhanələr uyduraraq sonunculara haqq qazandırmağa çalışır və ya onları bağışlayırlar. Niyə?

Allaha “güzəştə getməyi” haradasa başa düşmək olar. Məsələn, mən sənin evini yandırsam, həbs edilməyimi və səni kompensasiya etməyimi tələb edərsən amma evinə ildırım düşüb evini yandırsa, allaha nə edəcəksən ki? Heç nə. Ona görə də boynunu bənövşə kimi büküb “allah məni sınağa çəkir” kimi fikirlərlə özünə təsəlli verəcəksən. Başına hansısa müsibət gəldi deyə allahı söyən, ya da ona ibadət etməkdən imtina edən adam sayı olduqca azdır. Allaha olan bu münasibəti başa düşmək olar çünki inanclı insanlar özlərini allahın qulu hesab edir. Onlar quldursa, onda allah da ağadır, ağa isə kefi nə istəsə onu da edər; ağanın qula hesabat vermək öhdəliyi yoxdur deyə ağa qulu döyəndə, qulun ona etiraz etmək haqqı da yoxdur. Ağadan nə gəlsə, qul ona baş əyməlidir. Buna görə də inanclı insanların evləri yananda, səbəbkar mənəmsə, məndən öz haqqlarını tələb etmələri; səbəbkar allahdırsa, boyunlarını büküb oturmaları ağlabatandır – bu iki fərqli yanaşma onların öz inancları daxilində məntiqlidir. Beləliklə, digər insanlardan gözlədiyin əxlaqi davranışı allahdan gözləmirsən. Sənə eyni hərəkəti mən etsəm, oluram əxlaqsız, pis insan; amma allah edəndə allah əxlaqsız və ya pis olmur. Allaha olar.

İndi gələk dövlətə. Vergi dövlətin vətəndaşlarından məcburi şəkildə aldığı puldur. Vergi könüllü şəkildə ödənmir çünki onun ödənib-ödənməməsi vətəndaşdan asılı deyil. Xoşuna gəlsə də, gəməsə də vergini verməlisən, verməsən həbs edilirsən. Dövlət bizdən vergi alır və iddia edir ki, bu vergilər bizim özümüz üçün zəruridir; əgər gəlirimizin bir hissəsini icbari qaydada əlimizdən almasa, onda bizim həyat şəraitimiz pisləşəcək. Məsələn, eyni şeyi mən sənə etsəm, onda mənim başıma çıxarsan. Təsəvvür elə, mən gəlirəm sənin evinə, deyirəm ki, “hörmətli vətəndaş” və sözümü dərhal kəsib soruşursan ki, “nə vətəndaş? Bu da təzə sözdür?” Cavab verirəm ki, “bəli, mən uydurdum, qərar verdim ki, bundan sonra hər ay gəlirinin 30 faizini mənə verəcəksən, mən də səni qoruyacağam və qocalanda sənə pensiya verəcəyəm.” Sən deyirsən ki, “istəmirəm məni qoruyasan.” Mən də deyirəm ki, “pox yeyirsən, istəmirsən. Səndən soruşan olmadı. Səni qoruyacağam və gəirinin üçdə birini alacağam. Bu, sənin yaxşılığın üçündür, ay qoyun. Özü də bu gün mənəm, sabah başqası. Hər il seçki olacaq, sən səndən vergi alanları seçəcəksən.” Sən də deyirsən ki, “mən heç kimə pul verən deyiləm, heç kimi də seçmək istəmirəm, özüm özümü qoruyaram, əl çək məndən.” Mən də deyirəm ki, “pox yeyirsən, vətəndaş. Mütləq kimsə seçilib səni idarə etməlidir, səs versən də, verməsən də bu dəyişməyəcək.” Nəysə, müzakirəni uzatmaq olar: hər dəfə sən deyirsən ki, “istəmirəm,” mən də deyirəm “pox yeyirsən.”

İstənilən (demokratik və ya avtoritar) dövlətlə vətəndaş arasındakı münasibət belədir. Bu münasibəti mən sənə göstərsəm, etiraz edərsən amma dövlətə heç nə edə bilmirsən. Lakin əsas problem bu deyil – təbii ki dövlət güclüdür deyə ona heç nə edə bilmirsən. Problem budur ki, çox güman sən də daxil olmaqla, dünyadakı insanların mütləq əksəriyyəti anarxist deyil. Siz hesab edirsiniz ki, dövlət mövcud omalıdır və dövlətin adından kimsə sənə “mən sənin yaxşılığın üçün səndən vergi alıram” deyib səndən icbari qaydada pul yığmalıdır, sənə qadağalar qoymalıdır. Bu münasibəti sənə adi adam göstərəndə, ona bandit / mafiya deyirsən, dövlət rəsmiləri edəndə dövlət deyirsən. Əxlaqi cəhətdən mafiyanı pis hesab edirsən, dövləti yaxşı – halbuki, ikisi də sənə eyni münasibəti göstərir. Sənə eyni hərəkəti mən etsəm, oluram əxlaqsız, pis adam; amma dövlət edəndə dövlət əxlaqsız və ya pis olmur. Dövlətə olar.

Sən deyə bilərsən ki, biz anarxist olmamalıyıq çünki anarxizm mümkün deyil. Demokratik rifah dövlətində yaşamaq ən ideal və ən realist variantdır. Onu da əlavə edirsən ki, dövlətlə hökumət ayrıdır; biz hökuməti tənqid edə bilərik amma dövləti tənqid etməməliyik. Dövlət yaxşıdır, bəzən isə hökumət pis olur, onda da seçkiyə gedib hökuməti dəyişdiririk, vəssalam. Güman edək ki, bütün bu dediklərin doğrudur. Onda gəl dövlətə yox, hökumətə baxaq. Hökumət deyəndə təkcə icraedici orqanı və ya kabineti yox, vəzifədə olan bütün siyasətçi və bürokratları nəzərdə tuturam. Adi adam ilə hökumət üzvü (prezident, nazir, deputat və s.) eyni şeyi edəndə, onlara eyni münasibət göstərirsənmi? Ümid edirəm, göstərirsən amma mən son Türkiyə seçkiləri əsasında qısa nümunə göstərmək istəyirəm.

Demokratik seçki azad və ədalətli olan seçkiyə deyilir. Azad seçki odur ki, orada bir adamın səsi bir sayılır, qutulara topa bülleten atılmır, karusel edilmir, qutudan çıxan bülletenlər doğru sayılır və s. Türkiyə seçkiləri qismən azaddır çünki orada – xüsusən də Urfa kimi ucqar yerlərdə bu sadalananlara əməl edilmir və bəzən müşahidəçilər belə döyülür. Ədalətli seçki odur ki, mətbuat və dövlət namizədlərə bərabər münasibət göstərir, iqtidar partiyası təbliğat zamanı dövlətin resusrslarından istifadə etmir, müxalifət repressiyaya məruz qalmır. Türkiyə seçkisi qətiyyən ədalətli deyil çünki mətbuat tamamilə Ərdoğana işləyir, müxalif namizədlərini heç TRT-yə də buraxmırlar, Ərdoğan dövlət resurslarından təbliğat zamanı istifadə edir, montajlı saxta videolar hazırlayaraq rəqiblərini terrorist olmaqda ittiham edir, özünə rəqib gördüyü siyasi fiqurları (məsələn, Səlahəddin Dəmirtaşla yanaşı bir çox HPD-lini, Gezi Parkı etirazçılarını) həbs edir, dəqiq seçici sayı və son illərdə neçə nəfərə vətəndaşlıq verildiyi bilinmir və s. Qısası, Ərdoğan seçkiləri həbslərin, hədə-qorxunun, saxtakarlığın, montajların hesabına qazanır. Deyə bilərsiniz ki, bunlar olmasa da qazanardı amma mən buna inanmıram çünki elə qazana bilsəydi, onda elə də qazanardı və rəqiblərini bu qədər repressiyaya məruz qoymazdı. Repressiya bahalı və əziyyətli şeydir, Ərdoğan isə nə olsa da, axmaq deyil və represssiya özünə lazımsız olsa, etməzdi.

Xülasə, Ərdoğan repressiya və saxtakarlıq edir. Lakin buna baxmayaraq hətta Azərbaycanda da bir çoxları ona hörmət edib onu qələbə münasibətilə təbrik edir. Bunu edənlərin bəziləri Türkiyədəki hadisələri yaxından izləyənlərdir (məsələn, Əli Kərimli başda olmaqda müxalif və iqtidar siyasətçiləri), bəziləri isə adi adamlardır. Adi adamlar detalları bilməsə də, Ərdoğanın saxtakarlıq və repressiya etdiyini bilirlər, seçkilərin ədalətli olmadığını da dərk edirlər (dillərinə gətirməsələr də). Amma bütün bunlara baxmayaraq Ərdoğana hörmət edir və onu bəyənirlər. Ərdoğanın etdiklərini adi bir adam etsə, yuxarıdakı hər iki qrup – yəni Ərdoğana sayın deyənlər həmin adamı əxaqsızlıqda ittiham edib ona etiraz edərlər. Onlarla mən hansısa sahədə yarışsam və mən yarışı qazanmaq üçün onlara qarşı cığallıq etsəm, onları döydürsəm, yaxın adamlarını tutuzdursam, montajlı videolarla onlara qara yaxsam, mənim başıma çıxarlar. Amma eyni şeyləri Ərdoğan – yəni bir hökumət üzvü öz rəqiblərinə edəndə, eyni davranışları müsbət qiymətləndirib Ərdoğana pərəstiş edirlər. Çünki mənə – küçədəki adi adama şamil etdikləri əxlaq normalarını vəzifəsi olan bir siyasətçiyə şamil etmirlər. Onlara və başqalarına eyni hərəkəti adi adam etsə, olur əxlaqsız, pis adam; amma Ərdoğan edəndə, olur güclü siyasətçi, lider, sayın. Ərdoğana olar.

Niyə hamıya eyni əxlaq normaları şamil edilmir? Niyə eyni şeyi adi adam edəndə, olmaz amma dövlətlə hökumət üzvü edəndə olar?

Leave a Reply