Skip to content

Müzakirə Mühiti Barədə

Həmişə ətrafdakı insanları məqalə yazmağa, öz fikirlərini qısa məqalələr şəklində təsvir və müdafiə etməyə səsləyirəm. Məqalə deyəndə hamının başa düşəcəyi şəkildə, ictimai müzakirə yaratmaq məqsədilə yazılmış bir neçə səhifəlik mətnləri nəzərdə tuturam. Bu mövzuda ən çox qınadıqlarım isə öz dostlarımdır — tənbəllik etdikləri üçün öz fikirlərini yazıya almırlar, ancaq Tvitter və ya Feysbukda bir neçə cümləlik — ən yaxşı halda isə bir neçə abzaslıq şeylər yazaraq mövzunun üstündən keçirlər. Bir qədər reaksiya gəlir və iki gün sonra həmin tvit zənciri və ya Feysbuk postu yaddan çıxır, ən yaxşı halda isə başqa bir adam ona cavab tvit zənciri və ya postu yazır və bütün bu söz-söhbət itib-batır. Gələcəkdə nə o qısa tvit və ya postlara istinad vermək olur, nə də onları rahat axtarıb tapmaq və ya oxumaq. Bu tipli müzakirələr məni çox yorurdu və mənasız olduğunu görürdüm. Bu səbəbdən də öz fikirlərimizi məqalə şəklində yazmaq və öz dəyərləimizi əsaslı təbliğ etmək üçün dostlarla rasional.org libertarian məcmuəsini yaratmaq qərarına gəldik. İş elə gətirdi ki, oradakı yazıların da mütləq əksəriyyətini mən yazası oldum və libertarian dostlar yenə də tənbəllik edib yazı yazmadılar. Qeyri-libertarianlar da bir o qədər tənbəllik edib bizim yazılara cavab yazmadılar. Bu isə məni olduqca məyus edir və yeni yazılar yazmaq istəsəm də həvəsim olmur. Çünki yazılara reaksiya gəlmir — reaksiya deyəndə cavab məqaləsi nəzərdə tuturam.

Elə hesab etmək olar ki, bizim danışdıqlarımız olduqca ideoloji mövzulardır, çox az adama maraqlıdır və buna görə də yazılara reaksiya verilmir. Bu fikir doğrudurmu?

Bu fikrin birinci problemi ondan ibarətdir ki, mənim rasional.org-da çıxan yazılarımı müxtəlif siyasi ideologiyası olan dostlarım oxuyurlar və vatsap, teleqram kimi yerlərdə, yaxud da şəxsi görüşlərdə mənim başımı xarab edirlər — məqalədə razılaşmadıqları şeyləri, ideologiyamın radikal olduğunu, Azərbaycanda işləməyəcəyini, xalqın hazır olmadığını (sanki özləri dünəndən hazırdır, bircə qalıb camaatı hazır etmək) və s. kimi şeyləri deyirlər. Qısası, yazdıqlarım onlara maraqlı gəlir, mənə cavab vermək üçün bəzən saatlarla telefonlarınının ekranını döyəkləyib mənimlə söz güləşdirirlər. Amma biri də çıxıb bir məqalə (cavab məqaləsi) yazmır ki, onu da saytda yerləşdirək və oxucu hər iki mövqe ilə tanış olsun. Sonra mən bacarsam o cavaba özüm bir cavab yazım, sonra həmin dostum yenə cavab yazsın və beləliklə də müzakirə yaranmış olsun. Görəsən, dostlarım niyə saatlarla mənimlə söz güləşdirməkdənsə, oturub bir cavab yazmırlar? Lap anonim qalmaq istəsələr onların yazılarını anonim dərc edərik. Amma məsələ anonimlik deyil. Məsələ tənbəllikdir. Məqalə yazmaq, vatsap və teleqramda yazışdıqlarını, atdığın səsləri abzaslar şəklində məqalə formasına salmaq əziyyətli işdir, dostlarım isə tənbəldirlər. Təəssüf.

Bu fikrin ikinci problemi ondan ibarətdir ki, hesab edək libertarian-sosialist mövzular dar çevrəni maraqlandırır. Bəs çoxluğu maraqlandıran mövzular necə, məgər həmin mövzularda ictimai şəxslər arasında məqalələr şəklində debat varmı? Məsələn, son bir ildir ölkə olaraq mövzumuz Qarabağdır. Qarabağ məsələsi barədə bütün TV və Yutub kanallarında, sosial şəbəkələrdə hamı danışır; n qədər adamı ekspert kimi dəvət edib dindirirlər. Rus sülhməramlıları, XXX (Xankəndi-Xocalı-Xocavənd), koridor, delimitasiya və demarkasiya, hava limanları, ağıllı kəndlər və s. Bu mövzularda azərbaycanlı ekspertlərin məqalələrini oxumusunuzmu? Bu ekspertlər arasında hansı məsələlərdə fikir ayrılıqları var? Hörmətli politoloq A ilə ondan da hörmətli politoloq B-nin Qarabağla bağlı istənilən bir məsələdə bir-birinə cavab verən məqalələri varmı? Varsa, mənə də göndərin. Yaxud da sonuncu qiymət artımlarından sonra bu artımların səbəblərini izah edən məqalələr oxumusunuzmu? Uzaq başı hansısa mətbuat orqanı yazır çox hörmətli filan iqtisadçı filan şeyi dedi, bəhmən iqtisadçı da bəhmən şeyi dedi. Vəssalam. Bəs bu çox hörmətli iqtisaçdı A ilə onun hörmətli həmkarı B özü öz bloqunda, ya da hansısa bir saytda son qiymət artımlarının səbəblərini camaat üçün izah edən məqalə yazdımı? A və B arasında fikir ayrılığı yarandımı?

Uzatmaq istəmirəm. Sözümün canı budur ki, əksəriyyətin maraqlandığı mövzularda belə Azərbaycanda ictimai müzakirə yaratmaq məqsədilə təəssüf ki, (yetərincə) məqalə yazılmır; məqalələr əsasında debat isə ümumiyyətlə yaranmır. İctimai müzakirələr tvit və postdan, ya da vatsap və teleqram yazışmalarından o tərəfə keçmir. Fikirlərinizə güvənirsinizsə, onları məqalə şəklində təsvir və müdafiə edin.

1 thought on “Müzakirə Mühiti Barədə”

  1. Pingback: Müharibəni Niyə İstəmirdim? – Ilkin Huseynli

Leave a Reply