Skip to content

Müharibəni Niyə İstəmirdim?

Qarabağ münaqişəsi elə bir mövzudur ki, yəqin hər bir azərbaycanlının onunla bağlı mövqeyi var və 2020-ci il müharibəsi Qarabağ mövzusunun nə qədər həssas olduğunu bir daha göstərdi. Əvvəlki bir yazımda ötən müharibəni dəstəkləyənləri və dəstəkləməyənləri sinifləndirib özümün sonunculara aid olduğumu yazmışdım. İndi isə müharibəyə nəyə görə qarşı olduğumu yazmaq istəyirəm. Bəs bunu niyə indi yazıram? Birinci cavab: tənbəllik. Azərbaycanda təəssüf ki, məqalə əsaslı müzakirələr yox dərəcəsindədir və bu səbəbdən də məqalə yazmaq üçün adamda motivasiya olmur. Lakin məqalə əsaslı müzakirə olduqca vacibdir, belə ki, bu növ müzakirənin yoxluğu səbəbindən hansısa məsələdə əks mövqedə olan insanların fikirlərini həm tərəflər özü, həm də tərəfləri izləyənlər tam olaraq başa düşmür. İkinci cavab: ümidsizlik. Hamı kimi mən də hesab edirəm ki, ictimai əhəmiyyətli hadisələrə təsir etmək iqtidarında deyiləm. Lakin bu yanaşma ilə gərək hamımız susaq və ictimai əhəmiyyətli məsələlərə bağlı qəti düşünməyək. Məncə, bu mümkün deyil, mümkün olsa belə, arzuedilən deyil. Deməli, ümidsizliyə qapılmadan ictimai müzakirə mühitini formalaşdırmağa cəhd göstərməliyik. Bir fərd olaraq mənim və ya sizin hansısa siyasi məsələdə olan mövqeyi demək olar heç nəyi dəyişdirmir lakin eyni düşüncədə olan insanlar kollektiv şəkildə nəyisə dəyişdirə bilər. Müharibə artıq keçmişdə qalıb və keçmişi dəyişdirə bilmərik lakin bu o demək deyil ki, keçmişə baxıb mövqelərimizi sorğulamaq mənasızdır. Müharibəni dəstəkləyən və indi buna görə peşman olan Rüstəm İsmayılbəylinin postu buna bir nümunədir. Eyni ölkənin vətəndaşlarıyıqsa, bir-birimizi tanımalıyıq. Bu səbəbdən də hesab edirəm ki, müharibəni dəstəkləmiş olan insanlar da onlarla əks fikirdə olanların fikrinə bələd olmalıdır.

Müharibəyə qarşı olmağımın səbəblərini sadalamazdan əvvəl mənə maraqlı gələn bir məsələni qeyd etmək istəyirəm çünki ilk baxışdan sadə görünsə də, bir ildən çoxdur bu suala cavab tapa bilmirəm. Belə ki, müharibəyə qədərki dövrdə insanları münaqişə ilə bağlı mövqeyinə görə kobud olaraq iki yerə bölə bilərik. Bir tərəfdə, bir qrup insan münaqişənin sülh yolu ilə həllini tapacağına inanır və bunu arzu edirdi, bu qrupun içində bəziləri hətta müharibəni qəbuledilməz hesab edirdi. Digər tərəfdə, başqa bir qrup isə danışıqların faydasızlığına və münaqişənin müharibə ilə həll edilməsinin qaçılmaz olduğuna inanırdı. Lakin bu iki qrup arasında, ələlxüsus da müharibəni həll yolu kimi əvvəlcədən rədd edənlər ilə həll kimi müharibədən başqa yol görməyənlər arasında qızğın ictimai debat getmirdi. Hətta bu iki mövqeyə sahib insanlar bir-biri ilə dostluq da edirdilər və görünür Qarabağ münaqişəsinin həlli ilə bağlı zidd mövqelərdə olmaları onların dostluğuna xələl gətirmirdi. Lakin 2020-ci il müharibəsi göstərdi ki, əks qütbdə olan insanların bir çoxunun dostluğu məhz bu münaqişə ilə bağlı mövqelərinə görə pozuldu. Mövzu o qədər emosional və əhəmiyyətli idi ki, bir çoxları Qarabağ münaqişəsini özünün qırmızı xətti kimi görməyə başladı və əks qütbdən biri ilə dostluq müşkül məsələyə çevrildi.

Burada təəccüb doğuran məsələ nədir? Siyasi mövqeləri fərqli olan insanların bir-biri ilə dost olmaması özlüyündə qəribə hal deyil. Təəccüb doğuran məsələ budur: Qarabağ münaqişəsi yeni deyil və onunla bağlı on illərdir ki, müzakirələr gedir. İnsanların bu münaqişə ilə bağlı 2020-ci il müharibəsindən əvvəl də mövqeyi var idi və onlar öz dostlarının, yaxud tanışlarının əks mövqedə olduğunu bilirdilər. Nəyə görə məhz müharibə baş verdikdən sonra Qarabağ məsələsi qırmızı xəttə çevrildi? Hipotetik olaraq müharibəni dəstəkləyən və dəstəkləməyənlər niyə 2020-ci ilə qədər normal münasibətdə ola bilirdi? Bəlkə də 2020-ci ilə qədər bu insanlar müharibə olacağına səmimi olaraq inanmırdılar, Qarabağı itirilmiş hesab edirdilər. Ona görə də heç vaxt reallaşmayacaq bir halı – müharibəni özlərinin qırmızı xətti kimi qəbul etməyi lazımsız bilirdilər. Məhz müharibənin olmayacağına inandıqları üçün bu mövzu ilə bağlı ciddi müzakirələr aparmır, məsələ barədə öz mövqelərini dəqiqləşdirməyi, həmin mövqenin onlar üçün nə dərəcədə əhəmiyyətli olduğunu düşünməyi də vaxt israfı hesab edirdilər. İstənilən halda, bunlar sadəcə mənim gümanlarımdır və bu sual mənim üçün cavabsız olaraq qalır.

Qayıdaq mövzuya. Müharibəyə qarşı olan qrup monolit deyildi və mən onları primitiv şəkildə üç yerə bölmüşdüm. Bu qrupdan biri müharibəyə sırf ideoloji əsaslarla qarşı çıxırdı və onlar siyasi mənsubiyyətinə görə liberal, sosialist və ya anarxist idilər. Mən də bu qrupa daxil idim və güman edirəm ki, aşağıda sadalayacağım səbəbləri təkcə mən yox, müharibəyə ideoloji əsaslarla qarşı çıxan hər kəs bölüşürdü. Səbəbləri sadalamazdan əvvəl qeyd edim ki, istər ətraf 7 rayondan, istərsə də keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində yaşayan insanların öldürülməsi və öz mülklərindən qovulması ədalətsiz bir akt idi və öz torpaqlarına qayıtmaq onların ən təbii haqqıdır. Müzakirə edilən mövzu isə Qarabağ münaqişəsinin müharibə yolu ilə həll edilməsinin ədalətli olub-olmamasıdır. Başqa sözlə desək, haqları pozulmuş insanların haqlarını müharibə yolu ilə həll etmək ədalətli addım idimi?

Müharibəyə qarşı olmağım üçün aşağıdakı səbəblər birlikdə yox, hər biri ayrılıqda kafi idi. 

Birinci səbəb

Müharibəyə qarşı olmağımın birinci səbəbi Azərbaycanda respublika üsul-idarə formasının olmaması və ölkədə avtoritar idarəetmənin mövcudluğudur. Vətəndaş kimi bizim haqlarımız dövlət tərəfindən tanınmır və kobud şəkild pozulur, hətta bizi idarə edənləri belə özümüz seçə bilmirik. İnanırdım ki, belə bir şəraitdə müharibə olduqda bizim azadlıqlarımız daha çox məhdudlaşdırılacaq. Əgər Azərbaycan müharibədə məğlub olsaydı, onda hökumət daxili düşmən və satqın axtarıb öz avtoritetini gücləndirəcəkdi, qalib gəlsəydi də onda təxmini mən Qarabağı aldım, daha nə istəyirsiniz? deyib siyasi haqları tanımamağa və insanların rifahını yüksəltməməyə davam edəcəkdi. Müharibədən sonra baş verən hadisələr isə onu göstərir ki, bu inam doğru çıxdı. Müharibə nəticəsində mülkünə və sağlamlığına zərər dəymiş şəxslərin problemləri hələ də dövlət tərəfindən ciddiyə alınmır, müharibə veteranlarına və şəhid ailələrinə dövlət yetərincə diqqət ayırmır, dövlət onlara da digər vətəndaşlar kimi zərrə qədər hörmət etmir və onların da haqlarını tapdalayır. Qarabağda yenidənqurma işləri ilə bağlı və ümumiyyətlə insanların nə zaman öz yurdlarına köçə biləcəyi ilə əhali yetərincə məlumatlandırılmır. Hətta bu yaxınlarda həmin yenidənqurma işlərinə cəlb edilən fəhlələr əmək müqavilərinin olmaması və üç aydır maaş almamalarını əsas gətirərək etiraz etdilər

İstər müharibədə zərərçəkənlərə olan diqqətsizlik, istərsə də Qarabağda görülən işlərlə bağlı hesabatsızlıq Azərbaycanın demokratik dövlət olmamasından qaynaqlanır. Bu vaxta qədər bu hökumət heç vaxt özünü xalq qarşısında məsul hesab edib xalqa hesabat verməyib, indi də vermir. Əlavə olaraq, müharibədən sonra hökumətin gücü daha da artıb, bu isə vətəndaşlar olaraq bizim hər birimizin azadlığımız və haqlarımızın daha da azalması deməkdir. Məsələn, Dini etiqad azadlığı haqqında qanuna edilmiş əlavələr, İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında qanuna edilən dəyişikliklər  və yeni qəbul edilmiş Media haqqında qanun ilə müvafiq sahələrdə vətəndaşların azadlıqları hökumətin xeyrinə daha da məhdudlaşdırıldı.

Ölkədə demokratiyanın yoxluğundan narazı olan şəxslərin bir qrupu müharibəni dəstəkləyirdi və ümumiyyətlə cəmiyyətdə belə bir fikir formalaşdırmağa çalışırdılar ki, əgər Azərbaycan Qarabağı qaytarsa, azərbaycanlılar özərini qalib xalq hesab edəcək deyə öz haqlarını hökumətdən tələb etməyə başlayacaqlar. İstər sosial şəbəkələrdəki, istərsə də şəxsi müzakirələrdən belə qənaətə gəlirəm ki, bu fikir bir çoxları tərəfindən qəbul edilmişdi. Həqiqətən də onlar inanırdılar ki, Qarabağın qayıtması Azərbaycanda insanların özləri ilə fəxr etməsinə, bir xalq olaraq özünə inanmasına və dolayısı ilə demokratikləşməyə (ən azından bəzi reformlara) səbəbiyyət verəcək. Lakin bu gözləntilər tamamilə yanlış çıxdı. Müharibədə qalib tərəf Azərbaycan olsa da, ölkədə insanların haqlarının tanınması və rifahının yüksəldilməsi istiqamətində heç bir islahat baş verməyib, tam tərsinə, istər siyasi, istərsə də iqtisadi cəhəttən vəziyyət daha da pisləşib. Demokratikləşmə yolunda ölkə olaraq daha da geriyə getmişik. Qalib xalqın nümayəndələri dövlətdən öz haqlarını tələb edə bilmirlər. Bu da onu göstərir ki, müharibəyə qarşı olanlar müharibə baş verərsə Azərbaycanda siyasi vəziyyət daha da pisləşəcək, haqlarımız daha çox pozulacaq, azadlığımız daha çox məhdudlaşdırılacaq iddialarında haqlı idilər.

İkinci səbəb

Müharibəyə qarşı olmağımın ikinci səbəbi bu idi ki, Azərbaycanda ordu könüllülük əsasında qurulmayıb. Ölkədə hərbi xidmət icbaridir, yetkin və sağlam hər bir kişi istəsə də, istəməsə də əsgər aparılır. İcbari əsgərlik isə ədalətsizlikdir çünki fərdin azadlığı məhdudlaşdırılır və o, özünün razılığı alınmadan, məcburi qaydada hərbi xidmətə cəlb edilir, ölümə göndərilir. İcbari hərbi xidmət köləlikdir. Belə ki, köləlik məcburi xidmət deməkdir. Kölə və ya qul o adama deyilir ki, o, məcburi qaydada başqa bir insana və ya quruma xidmət edir. Əsgər də kölədir çünki o, məcburi qaydada dövlətə xidmət edir. Kölə hansısa səbəbə görə ağasını sevə və ondan razı qala bilər, bu, onun kölə olması faktını dəyişdirmir. Əsgər də xidmət etdiyi dövləti sevə bilər, lakin onun xidməti yenə də icbaridir, yəni o, kölədir. Nə ağasını sevən kölə, nə də dövlətini sevən əsgər istədiyi vaxtı mən daha xidmət etmək istəmirəm deyə bilməz (desə, cəzalandırılacaq). Eyni şəkildə, onların heç birindən ağaya / dövlətə xidmət etmək istəyirsənmi? deyə soruşan olmayıb. Deməli, icbari hərbi xidmət həqiqətən də, sözün hərfi mənasında köləlikdir. Köləlik olduğu üçün icbari hərbi xidmət ədalətsizdir. (Siz icbari hərbi xidmətə köləlik deməsəniz belə, bu, müharibəyə müxaliflik səbəbini aradan qaldırmır. Adını nə qoymağınızdan asılı olmayaraq, Azərbaycanda əsgərlik könüllü deyil, məcburidir. Məcburi qaydada insanları ölümə göndərmək isə ədalətsizlikdir.)

Bu problem necə aradan qaldırıla bilərdi? Azərbaycanda icbari hərbi xidmət ləğv edilsəydi və hərbi xidmət könüllülük prinsipi əsasında qurulsaydı, o zaman yuxarıdakı səbəbə müharibəyə qarşı olmaq mümkünsüz olardı. Müharibəyə bəzi insanlar könüllü olaraq getdilər, bəziləri isə professional hərbçi idi və könüllü olaraq orduda xidmət edirdi. Lakin həm müharibədə iştirak edənlərin, həm də həlak olanların əksəriyyəti icbari hərbi xidmətə cəlb edilmiş şəxslər idi. Onlar könüllü şəkildə yox, icbari qaydada ölümə göndərildilər. Bunda isə ədalətli heç nə yoxdur.

Kimsə etiraz edə bilər ki, Azərbaycan xalqı özünü müdafiə etmək və ya özünün haqqını bərpa etmək üçün qurbanlar (şəhidlər, qazilər) verdi. Yəni, həlak olan və yaralanan şəxslər xalqın rifahı və haqlarının bərpası üçün verilmiş qurbanlardır. Lakin bu yanaşma səhvdir. Belə ki, bir nəfər öz gələcək rifahı naminə bəzi şeyləri qurban verə bilər. Məsələn, gələcəkdə yaxşı iş tapa bilmək üçün insanlar bəzi arzularını (gəzmək, içmək, istirahət emtək və s.) yerinə yetirməyərək oxuyurlar, çalışırlar. Yəni onlar bəzi arzularını gələcək rifahları naminə qurban verir. Yaxud da ayağı qanqrena olan adam ayağının kəsilməsinə razılaşır ki, özü sağ qalsın. Yəni o, sağ qalmaq üçün bir bədən üzvünü qurban verir. Lakin xalq deyilən şey fərd kimi deyil; hətta kollektiv agentin (collective agency) mümkünlüyünü qəbul etsək belə (bu, özü ziddiyyətli məsələdir), nəzərə almalıyıq ki, kollektiv agent fərdi agent deyil. Müharibədə həlak olan fərdlər xalq deyilən kollektivin əli, ayağı, arzusu deyil. Buna görə də, xalq deyilən kollektivin bəzi fərdlərini özünün rifahı naminə qurban verə bilməsi ümumiyyətlə mümkün deyil. (Dəqiqlik xatirinə qeyd edim ki, bu iddia xalqın bəzi fərdləri özü üçün qurban verməsi əxlaqi olaraq düzgün deyil mənasına gəlmir. Bu, o deməkdir ki, xalq deyilən kollektiv təbiəti etibarilə fərddən fərqli olduğu üçün xalqın nəyisə qurban verməsi məntiqi olaraq mümkün deyil, xalq deyilən kollektivin belə bir bacarığı yoxdur.)

Professional hərbçilər və ya könüllü olaraq hərbi xidmətə yazılan şəxslər bir fərd olaraq öz həyatlarını xalq üçün qurban verə bilərlər. Bu, mümkündür. Necə ki bir ata övladını xilas etmək üçün özünü qurban verə bilər, eləcə də həmin ata (general, zabit, könüllü əsgər və s.) özünü vətəninin rifahı uğrunda qurban verə – ölümə gedə bilər. Bu da mümkündür. Bu isə o deməkdir ki, xalq özü kimisə qurban verə bilməz amma fərdlər öz həyatlarını xalq üçün qurban verə bilərlər. İcbari hərbi xidmətə cəlb olunan şəxslər müharibədə özlərini xalq üçün qurban vermədi. Bir qrup insan (siyasi rəhbərlik və onu dəstəkləyənlər) başqa bir qrup insanı (icbari hərbi xidmətə cəlb olunan cavanları) torpaq və ya güc üçün qurban verdi; qurban verilənlərin fikri heç bir əhəmiyyət kəsb etmədi; ümumiyyətlə, onların fikrini soruşan da olmadı. Bu, ədalətsizlikdir və buna görə də mən müharibəyə qarşı idim.

Üçüncü səbəb

Dağlıq Qarabağ və ətraf ərazilər hüquqi olaraq Azərbaycana məxsus olsa da və Azərbaycanın öz torpaqlarını azad etmək üçün müharibə yolunu seçməsi hüquqi olsa da, məhz 2020-ci müharibəsi ədalətli deyildi. Belə ki, siyasi ədəbiyyatda qədimdən bəri ədalətli müharibə (jus belli justi) anlayışı var və Qarabağ müharibəsi ədalətli müharibənin tələblərinə uyğun deyildi. Çünki bir tərəfdən Azərbaycandakı iqtidar legitim deyil (onu xalq seçməyib), digər tərəfdən isə, Azərbaycan tərəfi müharibədə qalib gəldiyi təqdirdə Qarabağın yerli erməni əhalisinin haqlarını qorumayacaq və onların bölgəni tərk etməsində maraqlı olacaq. Yəni, (a) müharibəni başladan tərəf – hökumət legitim deyil və (b) onun niyyəti pisdir. Belə olan halda bu, ədalətli müharibə hesab edilə bilməz. 

Başlanığıcda təsvir etidiyim birinci səbəb ilə üçüncü səbəbin (a) variantı bir-birinə bənzəyir. Lakin birinci səbəbin mahiyyəti ondan ibarət idi ki, müharibə baş verərsə Azərbaycan əhalisinin siyasi və sosial vəziyyəti pisləşəcək. Halbuki, (a) variantının iddiası budur ki, əhali üçün müharibənin nəticəsinin necə olmasından asılı olmayaraq, hökumət qeyri-legitim olduğu üçün müharibə ədalətli deyil. Çünki legitim olmayan bir hökumət xalq adına qərar verə bilməz. Beləliklə, birinci səbəb nəticəçi, (a) variantı isə deontoloji iddiadır.

Üçüncü səbəbin əsas tərəfi məncə (b) variantıdır. Bildiyimiz kimi müharibəyə qədər Azərbaycan tərəfi həmişə Dağlıq Qarabağa ən yüksək dərəcəli muxtariyyət statusu verməyə hazır olduğunu deyirdi lakin israr edirdi ki, əvvəlcə onun ərazi bütövlüyü təmin edilsin, sonra isə Dağlıq Qarabağın statusu məsələsi dəqiqləşdirilsin. Müharibədən sonra Azərbaycan hökuməti Dağlıq Qarabağa heç bir status verilməyəcəyini dedi və bunu da iki səbəblə əsaslandırdı: birincisi, Azərbaycan öz torpaqlarını müharibə yolu ilə geri qaytardığı üçün o, hansısa güzəştə getmək məcburiyyətində deyil; ikincisi, Dağlıq Qarabağın əhalisi çox azdır (Azərbaycan orada 25-30 min insanın yaşadığını iddia edir) və belə az əhaliya siyasi muxtariyyət vermək düzgün deyil.

Əhalinin azlığı məsələsi siyasi statusu inkar etmir və nəzərə almaq lazımdır ki, oradakı əhali 2020-ci il müharibəsindən sonra azaldı. Yəni Dağlıq Qarabağın əhalisini müəyyən etmək üçün müharibədən əvvəlki rəqəmlərə baxmaq lazımdır. Lakin istənilən halda təkrar etmək istəyirəm ki, əhalinin sayının azlığı siyasi statusu inkar etmir. Belə ki, Dağlıq Qarabağın statusu məsələsi yerli icmanın təhlükəsizliyi məsələsidir. Çox ciddi əsaslar var ki, o ərazi Azərbaycan nəzarətinə keçərsə, orada yerli erməni əhalinin haqları kobud şəkildə pozula bilər. Həmçinin, yerli erməni əhalisi bunu bildiyi üçün Dağlıq Qarabağ heç bir status olmadan birbaşa Azərbaycan nəzarətinə keçərsə, hamımız bilirik ki, onlar oradan çıxacaq. Bu isə çox ciddi beynəlxalq insan hüquqları və humanitar hüquq problemi yaradır. Bu baxımından orada status məsələsi çox ciddi mövzudur. Yəni öz müqəddəratını təyin etmək hüququ ilə paralel olaraq status məsələsi indi həm də təhlükəsizlik və insan hüquqları məsələsidir. Status necə olacaq və ya Dağlıq Qarabağ Rusiyanın protektoralığında bir əyalətmi olacaq, bunlar artıq ayrı mövzu və detallardır. Əsas olan budur ki, Xankəndinin Bakı ilə iyerarxik münasibəti Zərdabın Bakı ilə iyerarxik münasibəti kimi olacaqsa, orada yerli erməni əhali qalmayacaq. Buna görə də, qarabağlı ermənilərə istəyirsiniz qalın, istəmirsinizsə, gedin demək, üstüörtülü şəkildə Qarabağdan gedin deməkdir. Bu dediklərim yenilik deyil, bunları bu iddianı səsləndirənlər də bilirlər lakin Qarabağdan gedin demək yaxşı çıxmır deyə, istəyirsiniz qalın, istəmirsinizsə, gedin deyirlər.

Gələk digər məsələ – Azərbaycan tərəfi müharibədən əvvəl Dağlıq Qarabağa status verəcəyini vəd edəndə səmimi idimi? Azərbaycan hökuməti heç bir icmanın muxtariyyətinə (erməni icmasının və ya bir başqa icmanın) tolerant yanaşmır çünki hökumət özü avtoritardır və öz vətəndaşlarının haqlarını tanımaqda maraqlı deyil. Belə bir vəziyyətdə bu hökumət yerli erməni icmasına ərazi əsaslı muxtariyyət də verməyəcək. Bu inam nəsə əsaslanırdı? Belə ki, bu vaxta qədər hökumətin ermənilərə vəd etdiyi ən yüksək dərəcəli muxtariyyət statusu dedikdə konkret nəyi nəzərdə tutduğunu açıqlamaması hökumətin bu vədinin səmimi olmadığını deməyə bizə əsas verir. Bu vəd səmimi olsaydı Azərbaycan tərəfi konkret nəyi nəzərdə tutduğunu açıqlayar və Dağlıq Qarabağın statusu məsələsinin torpaqların qaytarılmasından sonra müzakirə edilməli olmasında israr etməzdi. Əgər hökumət Dağlıq Qarabağa muxtariyyət vermək istəyirdisə, sülh danışıqlarında niyə bu muxtariyyətin kontentinin müəyyənləşdirilməsini sonraya saxlamaqda israr edirdi? Niyə bu vaxta qədər konkret muxtariyyətlə bağlı təklifi olmamışdı? Nə deməkdir ən yüksək dərəcəli muxtariyyət? Hökumət muxtariyyət məsələsini işğal sonlanandan sonra yekun referendumda müəyyən etmək istəyirdi. Niyə? Nəzərə alsaq ki, 1989-cu il statistikasına görə DQMV-nin təxmini ¾-ü erməni, ¼-ü isə azərbaycanlı idi, Dağlıq Qarabağ Azərbaycana qaytarılandan sonra da (erməni əhalinin orada qalıb yaşamağa davam edəcəyini güman etsək) referendumun nəticəsini erməni əhalinin səsi müəyyən edəcəkdi. Vəziyyət belə olan halda muxtariyyətin kontektini Azərbaycan tərəfi niyə danışıqlar dövründə konkretləşdirmirdi?

Bu sadaladığım üç səbəb bir-birindən müstəqildir və təbii ki, bu yazıda Qarabağ problemi necə həll edilməli idi sualına konkret cavab verilmir. Ümumi cavab isə belədir: yuxarıdakı üç səbəbi aradan qaldıraraq danışıqlara davam etmək lazım idi. Əgər yenə də danışıqlar faydasız olsaydı (faydalı olma ehtimalının yüksək olduğuna inanıram), onda müharibə etmək ədalətli olardı.

Qeyd: yazının ərsəyə gəlməsində öz şərhləri ilə mənə kömək edən Emin Abbasov və Cavid Ağaya təşəkkür edirəm.

Leave a Reply