Yəqin elə adam tapmaq olmaz ki, azadlığı vacib dəyər hesab etməsin. Həmçinin kimi dindirsən deyəcək ki, yetkin insanlar həyatları ilə bağlı qərarları özləri verməlidir və onlarla uşaq kimi davranmaq doğru deyil. Amma əksər insanlar iş praktikaya gələndə nə azadlığı zərurət olmadığı (başqasına zərər vurulmadığı) halda digər dəyərlərə qurban verməkdən, nə də yetkinlərə uşaq kimi davranmaqdan çəkinirlər. Buna çox misal vermək olar amma indi cəmi bir məsələyə toxunmaq istəyirəm: dövlətin lisenziyalar üzərindəki monopoliyasına.
Söhbətimizə başlamazdan əvvəl bəzi məsələləri dəqiqləşdirək. Birincisi, burada azadlıq deyiləndə siyasi fəlsəfədə dominant fikir olan neqativ azadlıq başa düşüləcək. Mənim azadlığım yalnız və yalnız o halda məhdudlaşır ki, sən mənim hansısa bir hərəkəti icra tməyimi bilərəkdən və ya bilməyərəkdən, xoş və ya pis niyyətlə, birbaşa və ya dolayı yolla qeyri-mümkün edirsən; yəni, mənim hərəkətimə müdaxilə edirsən. İkincisi, biz azadlığı gündəlik həyatda normativ anlayış olaraq istifadə edirik, buna görə də “filan şeyi etmək azadlıqdır” deyəndə əslində “filan şeyi edən adama heç kim müdaxilə etməməlidir” demək istəyirik. Burada da mən azadlığı gündəlik istifadə edildiyi qaydada istifadə edəcəm. Üçüncüsü, yenə də gündəlik danışığa (həm də libertarianizmə) uyğun olaraq belə güman edəcəm ki, mənim azadlığım yanlız başqasına zərər vurduğum hallarda məhdudlaşdırılmalıdır; başqasına zərər vurmadığım halda isə azadlığım məhdudlaşdırılmamalıdır.
İndi gələk lizenziyalar məsələsinə. İstənilən sahə üzrə fəaliyyət göstərmək üçün Azərbaycanda hansısa dövlət qurumundan və ya dövlətin səlahiyyət verərək bir sahədə monopoliya yaratmasına imkan verən qeyri-dövlət qurumundan lisenziya almaq lazımdır. Tutaq ki, mən bir klinika açmaq istəsəm Səhiyyə Nazirlinin n qədər tələbinə cavab verməliyəm. Və bu tələblər də ya absurddur, ya da gərəksizdir. Məsələn, tələblərdən biri budur ki, klinika üçün mənim mülküm və ya kirayə götürdüyüm bir məkan olsun. Məgər klinika üçün mənim yerim (binam) olmasa klinika açaram? Yəni bunu Nazirlik deməsə guya mən bilmirəm? Digər bir tələb budur ki, mənim müəyyən avadanlıqlarım olmalıdır. Yəni klinikada hansı xəstəlikləri müalicə etmək istəyəcəyimə, klinikanın hansı sahələrə fokuslanacağına təkbaşına mülk sahibi olaraq özüm qərar verə bilmirəm. Nazirlik tələb edir ki, filan xəstəliklərin müalicəsi üzrə mənim klinikam mütləq fəaliyyət göstərməlidir və mən həmin avadanlıqları xaricdən ölkəyə gətizdirməliyəm. İndi məsələ budur ki, klinikanın fəaliyyətinə, hansı avadanlığın lazım olub-olmayacağına Nazirlik niyə qərar verir? Mən mülk sahibi kimi öz klinikamın ən yaxşı olmasına çalışacam onsuz da və hansı sahələr üzrə müalicə təklif edəcəyimə də mən qərar verməliyəm. Elə bil mən mağaza açıram və Səhiyyə Nazirliyi tələb qoyur ki, “mağazada mütləq çörək satmalısan.” Bəlkə mən satmaq istəmirəm, kimə nə? Məsələ bununla da bitmir, Nazirlik həm də tələb edir ki, mənim müəyyən sayda həkimin və qeyri-həkim (tibb bacısı / qardaşı, təmizlikçi və s.) işçim olmalıdır. Öz mülkümdə nə qədər adam işlədəcəyimə məndən başqa biri – Nazirlik niyə qərar verməlidir axı? Nə qədər işçinin lazım olduğunu məndən yaxşı biləcək hansısa bürokrat?
Lizenziya almaq məsələsi təkcə səhiyyə müəssələrinə aid deyil. Mən özəl məktəb və ya kurs açmaq istəsəm, bu dəfə də Təhsil Nazirli ilə əlləşməli olacam: mülküm olmalıdır, filan qədər müəllim işçim olmalıdır, filan fənnlər mütləq tədris edilməlidir və s. Yaxud da mən bir televiziya kanalı açmaq istəsəm Milli Televiziya və Radio Şurasının nazını çəkməli olacam. Bilmirsizsə, icazə verin deyim: MRTŞ illərdir yeni televiziya kanalı açılmasına icazə vermir, səbəb kimi isə onu göstərir ki, Azərbaycanda media bazarı kiçikdir və özəl kanal reklamdan pul qazana bilməyib müflis olacaq, ona görə də bəribaşdan heç kimə icazə kanal açmağa icazə vermir. Radio açmağa da imkan vermirlər. İndi guya MRTŞ mənim pulumun qədrini məndən çox bilir? Yoxsa MRTŞ-nın mənə canı yanır? Kanal açıb müflis olacam? Lap yaxşı, pul mənimdir, kimə nə? Heç kim bir sahəni araşdırmadan ora pul qoymur, biznesin təbiəti budur ki, biznesmen kimi mən riskə girməliyəm. Bəlkə mənim kanalım ən yaxşı kanal olacaq, buna niyə MRTŞ qərar verməlidir axı? Məgər müflis olsam gəlib MRTŞ-nin yaxasından yapışacam?
Yəqin indi fikirləşirsiz ki, kanal açmaq üçün lizensiya lazım deyil amma tibb müəssəsəsi açmaq üçün zəruridir çünki səhiyyə vacib sahələrdir və vətəndaş bilməlidir ki, bu xəstəxana keyfiyyətlidir. Əvvəla onu deyim ki, mən lizenziyanın özünə qarşı deyiləm. Mən icbari lizensiyaya və eyni zamanda da bu icbari lisenziyanın dövlətin və ya onun icazə verdiyi müəyən qurumların monopoliyasında olmasına qarşıyam. Bu nə deməkdir? Məsələn, kimsə klinika açmaq istəsə lizensiyasız da bunu aça bilməlidir amma özünün etibarlı, keyfiyyətli klinika olduğunu sübut etmək üçün mülk sahibi istəsə gedib müəyyən qurumlardan (Nazirlikdən yaxud da bu sahə üzrə fəaliyyət göstərəcək başqa bir qeyri-hökumət təşkilatından) lisenziya ala bilər. Məsələn, dil kursları işə götürəcəyi müəllimdən IELTS, GRE, TOEFL kimi beynəlxalq test nəticələri tələb edir, daha ərizəçidən Dillər Universitetinin diplomunu və ya TQDK-da ingilis dilindən neçə düz yazdığını soruşmur. Eyni zamanda, Təhsil Nazirliyi özəl kursların kimi müəllim kimi işə götürməsinə də qarışmır (ən azından de-fakto vəziyyət budur ki, ixtisasca müəllimlik və onunla əlaqəli sahə oxumayan adamlar dil kurslarında işləyirlər və “yaxşı müəllim” kimi ad da çıxardırlar. Nazirlik qarışmayan yer lap qəşəng inkişaf da edir, pul da qazanır, keyfiyyətli təhsil də verir).
Bu yazının əvvəlindəki fikirləri qəbul edən hər bir kəs məntiqi olaraq icbari lisenziyaya qarşı olmalıdır. Başqa yolu yoxdur. Azadlığı bir dəyər hesab ediriksə, istənilən adam klinika aça bilməlidir, vətəndaşlar da istədikləri klinikaya gedə bilməlidirlər. Bu münasibətlərə dövlət qarışmamalıdır. Dövlətin işi insanların bir-birinə zərər vurmasının qarşısını almaqdır. Məsələn, biz bir-birimizi öldürə bilmərik, döyə bilmərik. Yaxud da mən satıcı olaraq xarab bir malı yeni mal adı altında müştəriyə satıb onu aldada bilmərəm. Belə hallarda dövlətin işə müdaxiləsi normaldır (məsələn, aldadılan müştəri mağaza sahibini / satıcısını məhkəməyə verə bilər). Eyni məntiqlə, azadlığı dəyər sayırıqsa, onda klinika sahibi olaraq mən şəffaflıq göstərib “mənim heç bir qurumdan lisenziyam yoxdur” deyirəmsə və buna rəğmən insanlar müalicə üçün mənim klinikama gəlirlərsə, bu münasibətə dövlət müdaxilə etməməlidir. Alan razı, satan razı, dövlətə nə gəlib? Nə klinika xəstəni aldadır, nə də xəstəni həmin klinikaya getməyə kimsə məcbur edir. Bəs burada problem nədir?
Deyə bilərsiz ki, insanlar heç də hər getdikləri klinikanın lisenziyaları barədə araşdırma aparmırlar. Amma bunu dediyiniz andan etibarən siz yetkin insanlara uşaq kimi baxırsız və hesab edirsiz ki, bu adamlar özləri üçün ən yaxşının nə olduğunu bilmirlər (çünki başları işləmir, tənbəldirlər və s.) və buna görə də onların yerinə dövlət qərar verməlidir. Bir insanın özünün və ailəsinin sağlamlığına görə dövlət ondan daha çox narahat olacaq? Yəni fikirləşirsiz ki, insanlar axmaqdır və getdikləri klinikanın keyfiyyəti barədə maraqlanmırlar? Camaat kafeyə girəndə menyuda qiymətə baxmamış az qala heç çay sifariş vermir, yəni gedəcəyi klinikanın keyfiyyəti, lisenziyası və s. barədə araşdırmayacaq? Yəni klinikaya girəndə də soruşmayacaq ki, buranın lisenziyası var? İnsanların azadlığını – özü də heç kimə zərər vurmadıqları halda – nəyə görə məhdudlaşdırıb onlarla uşaq gözü ilə baxmalıyıq? Lap hesab edək ki, kimsə səhlənkarlıq edir və keyfiyyətsiz bir klinikaya gedir. Bu adam özünə zərər vuracaq, başqasına yox. Belə bir halda dövlət nə haqla onun azadlığını məhdudlaşdırıb “sən qanmırsan, mən səndən yaxşı bilərəm, filan yerə getməyini qadağan edirəm!” deyə bilər axı? Əgər “deyə bilər” deyirsizsə, onda gədin Mao babanıza şam yandırın, mənim burada vaxtımı aparmayın.
Qısası, siz əgər azadlığı dəyər hesab edirsizsə – başqasına zərər vurmadığı halda insanın azadlığının məhdualaşdırılmamalı olduğunu fikirləşirsiz və yetkin insanlarla uşaq kimi rəftar edilməməlidir fikrini qəbul edirsizsə, onda icbari lisenziyalara qarşı olmalısız. Çünki icbari lisenziyalar insan azadlığını məhdudlaşdırır və yetkin insanları uşaq kimi görərək onları təhqir edir. Dövlət faktiki olaraq bizim hər birimizə “sən qanmazsan, başın çıxmır sənin üçün ən yaxşısı nədir amma mənim bürokratlarım sənin üçün nəyin faydalı olduğunu səndən yaxşı bilir. Başqasına zərər vurmasan belə ancaq mən dediyim yerə gedə bilərsən!” deyib bizimlə uşaq kimi davranır və azadlığımızı heç bir zərurət olmadan (heç kimə zərər vermədiyimiz halda) məhdudlaşdırır.