Skip to content

Fəlsəfə və Dəstək

2013-cü ildə, cəmi 19 yaşım olanda ilk tərcümə kitabım işıq üzü gördü. Bu, amerikalı tarixçi Hovard Zinnin ABŞ tarixinə həsr etdiyi əsəri idi. O vaxt Amerikaşünaslıq ixtisasında oxuyurdum və təəssüf ki, Azərbaycan dilində ixtisasa aid material demək olar ki, yox idi. Məhz bu səbəbdən ABŞ tarixinə dair kitab tərcümə etmək qərarına gəldim.

Həmin vaxt bir neçə gəncin yaratdığı, qeyri-kommersiya məqsədli “Başla Kitab” nəşriyyatı ilə tanış oldum və könüllü olaraq Zinnin kitabını tərcümə etməyə başladım. Sonradan özüm də bu layihənin bir parçasına çevrildim. Kitabın çapı üçün öz aramızda vəsait topladıq. Müəllif hüquqlarını pulsuz əldə edə bildim – yeganə şərt kitab çap olunandan sonra beş nüsxənin Zinn ailəsinə göndərilməsi idi (o vaxt Zinnin özü artıq həyatda deyildi). Əlbəttə ki, kitab çap olunan kimi şərti yerinə yetirdim.

Kitabın ərsəyə gəlməsi xeyli vaxt və maliyyə tələb etdi. Düşünürdüm ki, universitet yoldaşlarım, xüsusilə də BDU və Dillər Universitetinin Amerikaşünaslıq tələbələri bu kitaba maraq göstərəcəklər. Ümumi sayları təxmini 200 nəfər olsa da, onlardan cəmi 4 nəfər kitabı aldı, özü də qiyməti cəmi 5 manat idi. Bütün tiraj iki il ərzində satıldı və əldə olunan gəlirlə mətbəə borcumuzu ödəyə bildik.

Sonrakı illərdə müxtəlif məqalə və esselər tərcümə etsəm də, kitab tərcüməsinə nə vaxtım, nə də həvəsim qaldı. Nəhayət, təxminən on il sonra – 2024-cü ildə Ceyson Brennanın Siyasi Fəlsəfəyə Giriş kitabını tərcümə etməyə başladım. Yenə də müəllif hüquqlarını pulsuz əldə edə bildim, lakin kitabı fiziki formatda çap etmək mümkün olmadı. Bunun əvəzində bir aya kitab PDF formatında işıq üzü görəcək.

Hazırda kitabın səsli versiyası (audiobook) üzərində işləyirəm. Tam versiya hazır olana qədər, tamamladığım hissələri Patreon hesabımda paylaşıram. Məni dəstəkləmək və bu materiallara çıxış əldə etmək istəyirsinizsə, Patreon səhifəmə keçid edərək dəstəkçilərimə qoşula bilərsiniz: https://www.patreon.com/c/ilkinmetdan

Ümid edirəm ki, növbəti tərcüməm üçün daha on il gözləməli olmayacağam.

Leave a Reply