Azərbaycanın ermənilərlə bağlı siyasətinə dair iki məsələni başa düşmürəm və hansısa siyasi şərhçidən də bu məsələlərlə bağlı izah eşitməmişəm. Görünür, heç kim bu siyasətləri başa düşmür. Söhbət hökumətin erməni abidələrini albanlaşdırmasından və Qarabağ ermənilərinin Azərbaycana inteqrasiyası ilə bağlı heç bir plan təklif etməməsindən gedir.
Albanlaşdırma siyasəti
Azərbaycan nəyə görə erməni abidələrini qədim alban abidələri olaraq təqdim edir? Bununla onun əlinə nə keçəcək? Birincisi, Qarabağdakı kilsələrin erməni, yaxud da alban olmasının Qarabağın hüquqi olaraq Azərbaycan Respublikasına məxsus olmasına zərrə qədər təsiri yoxdur. Qarabağ onsuz da hüquqi olaraq Azərbaycana məxsus bir regiondur. Deməli, hökumətin albanlaşdırma siyasətindəki məqsədi hüquqi ola bilməz.
İkincisi, erməni abidələrinin alban abidələri olması iddiasını heç bir mötəbər alim və ya qurum ciddi qəbul etmir, tam tərsinə, albanlaşdırma siyasətinə görə Azərbaycan tənqid edilir, məsxərəyə salınır. Bu məsələdə şarlatanlıq etməklə nəyəsə nail olmaq mümkün deyil. Deməli, albanlaşdırma siyasətinin məqsədi mədəni və ya akademik üstünlük, yaxud qalibiyyət əldə etmək də ola bilməz.
Üçüncüsü, bu siyasət erməniləri qıcıqlandırır və onlarda haqlı olaraq belə bir fikir formalaşdırır ki, Azərbaycan hökumətinin “siz də bizim vətəndaşımızsınız və biz Qarabağa tam nəzarət edəndən sonra sizə qarşı heç bir ayrı-seçkilik edilməyəcək” iddiası səmimi deyil. Çünki ermənilər hesab edirlər ki, Azərbaycanın onların mədəni irsini belə qəbul etmirsə, onların özünü də adam yerinə qoymayacaq. Başqa sözlə, albanlaşdırma siyasəti hökumət ilə Qarabağ ermənilərinin bir-birinə olan inamsızlığını az da olsa aradan qaldırmağa töhfə vermir, tam tərsinə bu inamsızlığı, düşmənçiliyi gücləndirir. Deməli, bu siyasətin məqsədi münaqişənin həllini sürətləndirmək də ola bilməz.
Dördüncüsü, bu vaxta qədər Azərbaycan tarixçiləri və (indiki qədər şiddətli olmasa da) dövləti iddia edirdi ki, ermənilər Qafqaza, ələlxüsus da Azərbaycan ərazisinə iki yüz il əvvəl gətiriliblər, onlar yerli xalq deyil. Deyə bilərsiniz ki, bu iddialardan sonra hökumət birdən-birə ritorikasını dəyişdirib Qarabağdakı qədim kilsələrin ermənilərə məxsus olduğunu deyə bilməz. Halbuki bu fərziyyə də mənə ağlabatan gəlmir. Hökumət bu vaxta qədər milyon dəfə, milyon cür yalan danışıb, n qədər siyasətində qeyri-ardıcıl olub; guya ermənilərin sonradan gəlmiş xalq olması iddiasında ardıcıllığını pozsa, Azərbaycanda inqilab olacaq? Ən əsası, albanlaşdırma siyasətinin əksi gecə-gündür “filan kilsə qədim erməni kilsəsidir” demək deyil axı – hökumət bu məsələdə səssiz qala bilər. Hökumət istəsə albanlaşdırma siyasətini dayandırıb ümuimyyətlə tarixi abidələrdən danışmaya bilər. Heç kim durub hökumətdən həmin abidələrin albanlara, yoxsa ermənilərə məxsus olmasına dair fikir bildirməsini tələb etməyəcək. Bu soxasoxda bizə kilsə lazımdır? Ümumiyyətlə, bizdə Cavid Ağadan və AMEA-dakı fringe tarixçilərdən başqa kilsə söhbəti kimin vecinədir? Qısası, bu dördüncü fərziyyə də mənə inandırıcı gəlmir.
Belə olan təqdirdə başa düşmədiyim məsələ budur – Azərbaycan hökumətinin albanlaşdırma siyasətinin məqsədi nədir? Hökumət tvitterin ingilisdilli ermənilərini əsəbiləşdirməkdən həzz alır?
Ermənilərin inteqrasiyası
Hökumət iddia edir ki, ermənilər də bizim vətəndaşlarımızdır, Azərbaycan şəxsiyyət vəsiqəsi olandan sonra dövlətin gözündə Martunidəki uçastkovıy Xaçik ilə türk oğlu türk Sabir Rüstəmxanlı arasında bir fərq olmayacaq, sonuncusu nə qədər azərbaycanlı hesab edilirsə, birincisi də o qədər azərbaycanlı hesab ediləcək. Lap yaxşı. Bəs bu iddiaya inanmaq üçün hökumət bizə və ermənilərə bir səbəb verirmi?
Hökumət albanlaşdırma siyasəti altında ermənilərin mədəni irsinini inkar edir (özü də bu mədəni irs zad söhbətlərini ermənilər dəhşət ciddiyə alırlar, dəyməyin də bunların kilsələrinə, nə böyük şeydir?) və ermənilərə dair müsbət heç bir addım atılmır. Tutaq ki, 2025-ci ildə ruslar Qarabağdan çıxsa, sonradan nə olacağı barədə heç nə deyilmir. Hökumətin planı nədir? 2025-də ruslar oradan çıxır, Azərbaycan Qarabağa girir, Xankəndinin ortasına bir dənə pasport stol qoyur, ermənilər də sıraya düzülüb qeydiyyatdan keçirlər və sonra da bacı-qardaş kimi bir yaşayırıq? Hökumətin də təsiri nəticəsində ictimai diskurs belədir ki, “ermənilər bizim pasportu qəbul etsə, qalıb yaşayarlar, qəbul etməsələr, rədd olub gedərlər Ermənistana.” Həqiqətən hökumətin də planı və niyyəti budur?
Hər iki müharibədən də bilirik ki, erməni ordusu girdiyi yerdə azərbaycanlılar yaşamır, Azərbaycan ordusunun girdiyi yerdə də ermənilər yaşamır. Qarabağ münaqişəsi həm də etnik nifrətə əsaslanan davadır. Qarabağın kimin olması təkcə ərazi bütövlüyü və ya təyini-müqəddarat məsələsi deyil, bu, eyni zamanda da şərəf-namus-qeyrət və s. məsələsidir. Qısası, Qarabağ münaqişəsi həm də qan davasıdır. Ona görə də iki xalq bir-birinə inanmır və hesab edir ki, birgə yaşayış mümkün deyil. Hazırda Hadruta ermənilərin qayıdıb yaşamasını, yaxud da hazırda Xankəndinə və Xocalıya azərbaycanlıların gedib yaşamasını təsəvvür edə bilmirəm. Bütün bunları bilirik. Bəs Azərbaycan hökuməti ermənilərdə Azərbaycana qarşı inamı artırmaq, düşmənçiliyi azaltmaq üçün nəsə edirmi?
İkinci müharibənin üstündən il yarım ötüb və bu müddət ərzində Azərbaycan tərəfi dəfələrlə deyib ki, siyasi muxtariyyət olmayacaq, özünüzü yaxşı aparsanız mədəni muxtariyyət barədə düşünərik. Mədəni muxtariyyət nə olan şeydir – konkret nə nəzərdə tutulur? Bu barədə hökumət heç bir plan, sənəd ortaya qoymayıb. Ermənilərin inteqrasiya edilməsi prosesinə dair də hökumətin xalqa açıqladığı bir plan yoxdur. Üç il sonra ruslar Qarabağdan çıxsa, həmin ərazidə yaşayan ermənilərin aqibətinin necə olacağı məchuldur.
Belə olan təqdirdə başa düşmədiyim məsələ budur – Nəyə görə hökumət xalqlar arasındakı nifrətin azaldılması üçün heç bir iş görmür, ermənilərin Azərbaycan cəmiyyətinə inteqrasiyasına dair heç nə demir, zərrə qədər də olsun çalışmır ki, inteqrasiyaya dair bir dövlət proqramı hazırlayaraq həm Qarabağ ermənilərinə, həm də dünyaya desin ki, “biz adamyeyən deyilik, erməniləri qovmaq kimi niyyətimiz yoxdur, onlarla birgə yaşayacağıq, bax, bu da bizim planımızdır”?
Bu sualların cavablarını bilən varsa, xahiş edirəm, bizə də desin. Hökumətin siyasətinə təsir imkanımızın olmaması bir yana, həmin siyasəti başa düşməmək insana əlavə bir əzab verir.