Skip to content

Akademik Yazı Dərsləri

Akademik yazının istifadəsi yalnız universitet və elmi jurnallarla məhdudlaşmır. Akademik yazı insanın fikirlərini sistemli, məntiqi və aydın şəkildə ifadə etməsinə kömək edən, bu fikirləri strukturlaşdıraraq onları başqaları üçün daha anlaşıqlı və inandırıcı edən bir ifadə üsuludur. Burada məqsəd oxucuya məlumatı dəqiq, ardıcıl və əsaslandırılmış formada çatdırmaqdır. Ona görə də akademik yazı bacarığı təkcə tədqiqatçılar üçün deyil, həm də jurnalistlər, işində hesabat yazanlar və ictimai müzakirələrdə fikirlərini məqalə (bloq) şəklində bölüşmək istəyən hər kəs üçün vacibdir.

Dərslər Haqqında Qısa Məlumat

  1. Dərslər pulsuzdur amma tapşırıqlar çoxdur
  2. Həftədə bir dəfə – Şənbə günləri onlayn keçiriləcək
  3. 11 Oktyabrda başlayıb 27 Dekabrda bitəcək
  4. Dərsləri İlkin Hüseynli keçəcək
  5. Dərslərdə iştirak etmək istəyirsinizsə, aşağıdakı vörd faylı (müraciət formasını) dolduraraq [email protected] ünvanına göndərin.
  6. Son müraciət tarixi 30 Sentyabrdır

Dərslər Haqqında Ətraflı Məlumat

Əgər akademik və ya jurnalistika fəaliyyətilə məşğul olmaq, yaxud hesabat hazırlamaq və ya ictimai məsələlər barədə fikirlərinizi strukturlaşdırılmış şəkildə təqdim etmək istəyirsinizsə, bu dərslər sizin üçün nəzərdə tutulub. Danışmaq və Feysbukda yazmaq asandır, amma məqalə yazmaq çətindir. Bu dərslərin məqsədi də akademik yazı bacarığı sizdə formalaşdırmaq və təkmilləşdirməkdir.

Dərslər pulsuzdur. Lakin onlar ciddi öhdəliklər tələb edir. Həftəlik ən azı 6–7 saat yazı-pozuya vaxtı ayıra bilməyənlər üçün bu dərslər uyğun deyil. Hər həftə siz iki qısa məqalə yazmalı və onları dəfələrlə redaktə etməli olacaqsınız. Dərslər 11 Oktyabrdan başlayaraq 12 həftə davam edəcək və şənbə günləri saat 16:00–17:30 arasında onlayn keçiriləcək. Dərsləri mən – İlkin Hüseynli keçəcək. Mən siyasi filosofam və əvvəllər də akademik yazı dərsləri keçmişəm. Haqqımda ətraflı məlumatı saytımdan əldə edə bilərsiniz.

Birinci dərsdə akademik yazının əsas qaydaları ümumi şəkildə təqdim edəcəyəm. Həmin dərsin sonunda sizə iki məqalə tapşırığı verəyəcəm:

  1. Sizə Azərbaycan dilində 10–15 səhifəlik bir məqalə verib ona 1000 sözlük təhlil yazmağınızı istəyəcəyəm. 12 həftə ərzində (2-11-ci həftələr arasında) 10 təhlil məqaləsi yazacaqsınız.
  2. Sizə bir mövzu verəcəyəm və onun əsasında 1000 sözlük məqalə yazacaqsınız. Növbəti həftələrdə məqalənizi sizə verdiyim rəylərə əsasən 6-cı həftəyə qədər təkmilləşdirəcək və söz sayını hər həftə bir az artıraraq 3000-ə qədər artıracaqsınız. Məsələn, 3-cü həftə məqaləni təkmilləşdirib 1500 sözə qədər artıracaqsınız, 4-cü həftə 2000 sözə qədər və s. 6-cı həftədə məqalə 3000 sözə çatacaq. Həmin həftə sizdən bu dəfə özünüzün mövzu seçməyinizi tələb edəcəyəm və dərslərin sonuna qədər öz seçdiyiniz mövzu əsasında yazacağınız məqaləni təkmilləşdirəcəksiniz. Yəni 7-ci həftə mənə 1000 sözlük məqalə göndərəcəksiniz, 8-ci həftə rəylər əsasında onu təkmilləşdirib 1500 sözə qədər genişləndirəcəksiniz və s.

Bu iki məqaləni (təhlil məqaləsi və öz məqaləniz) hər həftənin cümə axşamı saat 16:00-a qədər – yəni növbəti dərsdən iki gün əvvəl mənə təqdim etməli olacaqsınız. Hər məqaləyə fərdi rəy verəcəyəm və rəy əsasında ikinci dərsdən etibarən artıq müzakirə formatında işləyəcəyik. Bəzən məqalələrinizi digər iştirakçılara da göndərəcəyəm. Beləliklə, siz həm məndən və başqa bir tələbədən rəy alacaq, həm də başqasının yazısına rəy verməklə təcrübə toplayacaqsınız.

Əlavə olaraq, növbəti həftələrdə tələbələrin tənqidi düşüncəsini inkişaf etdirərək onların öz məqalələrini daha yaxşı yazmasına kömək etmək üçün biz arqumentasiya qaydalarını, məntiqi sillogizmləri və səfsətələri də öyrənəcəyik. Tələbələr üçün Azərbaycan dilində bir neçə səhifəlik mühazirə materialı mən iki kitab (Kahane, Howard, and Nancy M. Cavender. Logic and Contemporary Rhetoric: The Use of Reason in Everyday Life və Epstein, L. Richard. Critical Thinking) əsasında hazırlayacağam.

Tapşırıqlar vaxtında yerinə yetirilməlidir. Bir dəfə gecikmə olduqda rəy verilməyəcək, ikinci dəfə isə dərslərə davam edə bilməyəcəksiniz. Proqram sonunda sertifikat verilməyəcək.

Müraciət qaydası: Dərslərdə iştirak etmək istəyirsinizsə, zəhmət olmasa BU LİNKDƏKİ vörd sənədini (müraciət formasını) dolduraraq 30 Sentyabr tarixinədək [email protected] ünvanına göndərin. Qəbul edilən tələbələrlə Oktyabrın əvvəlində əlaqə saxlanılacaq və dərslər 11 Oktyabrdan başlayacaq.

Leave a Reply