Bir ilə yaxındır əvvəllər etmədiyim bir şeyi edirəm – gündəlik tuturam. Gündəliyə baxanda gördüm ki, yazdıqlarım şəxsi həyatdan çox sosial həyatla bağlıdır. Ora yazdıqlarımı elə bloq kimi də yaza bilərəm, gizlədiləsi ciddi bir şey yoxdur. Gündəliyin müxtəlif yerlərində ortabablıqdan şikayət etdiyimin fərqinə vardım. Ətrafımdakı insanların demək olar hamısı, tanıdığım azərbaycanlıların isə hamısı öz işində ortababdır. Gördükləri işdən pul qazanırlar, başlarını dolandırırlar amma heç birinin “mən bu sahədə ən yaxşılardanam” kimi bir iddiası yoxdur. Belə iddiaları olsa da, gördükləri iş ortadadır, heç biri öz sahəsində ən yaxşılardan deyil. Və bu fakt mənim dəhşət ürəyimi sıxır. Bəli, onlar dostlarım, qohumlarımdır və onları sevirəm amma adam nə qədər Zirənin, Qarabağın, Neftçinin oyununa baxar? Mən Reala, Sitiyə, Çelsiyə baxmaq istəyirəm.
Burada “iş” deyəndə istənilən bir işi nəzərdə tuturam. Məsələn, istəyərdim ki, saytyığan dostlarımın heç olmasa biri IT sahəsində dünyanın ən yaxşılarından olsun. Saytyığanlar onu adla tanısınlar. Yaxud da fotoqraf olan tanışım ən yaxşı fotoqraflardan olsun. Bu işdən başı çıxanlar bir fotonu görəndə desinlər, “bu filankəsin işidir, bax filan şeyi filan cürə tutub, bunu ən yaxşı o edir.” Hüquqşünas dostlarım çoxdur, istəyərdim onlar hüquq sahəsində at oynatsın. Hə, AİHM-də zad iş udurlar, lap yaxşı. Amma hüquq oxusaydım Azərbaycana qarşı işi mən də udardım, çətin bir şey deyil o. AİHM-də belə iş udan “ən yaxşılardan” olmur.
Sadaladığım sahələrdə “ən yaxşılardan olmaq” nə deməkdir dəqiq bilmirəm. Onu gərək həmin adam özü mənə izah etsin. Desin ki, İlkin, sən rəsmdən qanmırsan. Bax, mənim rəsmlərimdə filan xüsusiyyət var, nə bilim fırçanı belə vururam, dünyada bu istiqamət üzrə işləyən rəssamların ən yaxşılarından biri mənəm. Bax, bu da mənim sübutum, nə bilim filan şeyi qazanmışam və s. Ola bilər mənim rəsmə yenə də marağım yaranmayacaq amma belə bir adamı tanımaq məni sevindirəcək və ən əsası da ilhamlandıracaq. Öz sahəsinin ən yaxşılarından olan adamlarda söhbət etmək qədər mənə həzz verən şey yoxdur.
Məsələn, akademik sahədə “ən yaxşılardan olmaq” nə deməkdir təxmini bilirəm. Öz sahən üzrə ən yaxşı jurnal və nəşriyyatlarda məqalə və kitabın çıxırsa, deməli, öz sahəndə ən yaxşılardansan. Belə bir azərbaycanlı tanışım yoxdur. Lakin bir neçə belə əcnəbi filosof tanıyıram. Onların məqalələri top jurnallarda, kitabları isə Oxford və Cambridge University Press kimi top nəşriyyatlarda çıxır. Onlarla hər dəfə söhbət edəndə nəsə öyrənirsən. Ən əsası isə, onlarla istənilən mövzudan, havadan-sudan da danışmaq insanı ilhamlandırır. Görürsən ki, qarşındakı adam kinolarda təsvir edilən “dəli dahi” deyil. Adi adamdır. Onun da digərləri kimi adi maraqları var. Onların adi adam olduğunu görmək insan ilhamlandırır. Fikirləşirsən ki, sən də bir gün öz sahəndə ən yaxşılardan ola bilərsən.
Burada məqsədim akademik fetişizm etmək deyil. Sadəcə fəlsəfədə “ən yaxşılardan olmağın” mənasını bildiyim üçün onu nümunə verdim. Amma nəzərdə tutulan iş istənilən bir iş ola bilər. Məsələn, bir qohumumuz parket ustasıdır və onu həmişə tərifləyib deyirdilər ki, fiankəs qədər zərgər dəqiqliyi ilə parket vura bilən adam yoxdur. Azərbaycanda parket ustalarının hansı daha prestijlidir bilmirəm, bəlkə də o adam qohumum olduğuna görə digər qohumlar onun bacarığını şişirdirdi. Amma mən uşaq olanda onun ən yaxşı parket ustalarından biri olduğuna inanırdım. Öz evi böyük idi və parketi özü vurmuşdu. Yerdə sürünüb hər bir detala baxırdım. Taxtalar o qədər gözəl düzülmüşdü ki, sanki bütün döşəmə yüzlərlə ayrı-ayrı hissələrdən ibarət deyil, zavoddan otaq boyda hazır parket çıxıb, damdan kranla endirib yapışdırıblar evə. Parketin lakına heç bir saç, kağız yapımamışdı, haphamar idi. O parketin gözəlləyindən çox onu hazırlayan adamı tanımaq, onnula söhbət etmək mənə həzz verirdi.
Dəli olsa da, Sevan Nişanyana qulaq asmağı sevirəm. Ona bir nəfər sual verdi ki, bir şəhəri şəhər edən nədir? Sevan isə cavabında dedi ki, bir yeri şəhər edən şey həmin yerin dünyanın hər tərəfindən öz sahəsindəki ən yaxşı adamları cəlb etməsidir. Radikal bir misal verdi. Dedi, məsələn, Nyu Yorkda olanda özü bunu müşahidə edib. Nə axtarırsan? Aşpaz? Dünyanın ən yaxşı aşpazlarının azı üçü Nyu Yorkdadır. Rəssam axtarırsan? Eyni şey. Riyaziyyatçı? Eyni şey. Bir tədbirə gedirsən, deyirlər, bu filankəsdir, ən yaxşı aşpazlardandır. Gözəl hissdir. Mən aşpaz deyiləm, mənə heç maraqlı da deyil “yaxşı aşpaz” nə deməkdir. Amma ən yaxşı aşpazla tanış olmaq istəyərəm. Ən əsası, Sevanın da dediyi kimi, söhbət təkcə həmin üç adamla bitmir. Həmin üç aşpaz yüzlərlə adamı ilhamlandırır, hər biri özünə n qədər şəyird yığır, şəhərdə aşpazların icmasını və bir-biri ilə rəqabətini yaradır. Adam özü heç vaxt ən yaxşılardan olmasa da, ümumiyyətlə, aşpaz olmasa da, belə bir mühitdə olmaqdan həzz alar.
Mənə elə gəlir ən böyük qorxum heç bir işdə ən yaxşılardan olmamaqdır. Hazırda İtaliyada siyasi fəlsəfə üzrə doktorantura oxuyuram və bu ay təhlisim bitir. Bilirsiz ki, İtaliya universitetlərinin Azərbaycanda prestiji yoxdur. Əsgərlikdən möhlət almaq və ya Avropanı görmək üçün camaat Bakıdakı şirkətlərə pul verib İtaliya, Polşa, Çexiyə kimi yerlərdə gic-gic sahələr üzrə (məsələn, biznesin idarəedilməsi) mənasız magistratura oxuyurlar. Ona görə də kimsə deyəndə ki, İtaliyada oxuyuram, ciddi qəbul edən olmur. Nəysə. PhD belə deyil, həqiqətən də ciddidir və Bakıdakı tipli şirkətlər vasitəsilə yox, birbaşa özün qəbul olursan. Mən azadlıq mövzusu ilə maraqlanırdım və bir neçə əsas müəllifi oxumuşdum. Bunlardan biri dəhşət xoşuma gəldi. Həmin müəllifin digər işlərini də oxudum. Onun kitabı 1999-da çıxsa da, məhz azadlıqla bağlı klassik əsər hesab edilir. Bunu sonradan öyrəndim və bunu öyrənəndə də sevindim ki, deməli, fəlsəfədə nəyin yaxşı olduğunu mən də duya biirəm. Müəllifin emailini tapıb yazdım ki, mən səninlə işləmək istəyirəm. Nə etməliyəm? Dedi bizdə fərdi PhD olmur Almaniyadakı kimi, ona görə də səni mən təkbaşıma qəbul edə bilmərəm. Filan proqrama müraciət etməlisən, mən özüm komitədə də deyiləm. Qəbul alsan, gəl işləyək. Müraciət etdim, qəbul aldım və üç ildir onunla işləyirəm. Hətta birgə məqalə də yazırıq. Yaxşı filosof olmaqla yanaşı olduqca mehriban və zarafatcıl adamdır. Mən 2020-ci ilin noyabrında İtaliyaya oxumağa gedəndə bizə universitetdən dedilər ki, bura gəlməyinizə ehtiyac yoxdur çünki bu il bütün dərslər onlayn olacaq. Sinif yoldaşlarımın əksəriyyəti gəlmədi, mən getməyə qərar verdim. Çünki professorla görüşmək istəyirdim. Karantin şəraitində heç kimi tanımadığım, heç yerə gedə bilmədiyim, bütün dərslərin onlayn olduğu bir yerdə yaşadım, bir ildən sonra nəhayət hökumət dərs keçilməsinə icazə verdi amma onda da bütün dərslər bitmişdi. Artıq Bakıya da qayıda bilərdim amma yenə də həm professorla görüşüb söhbət etmək, həm də qibtə etdiyim digər bir çox filosoflarla tanış olmaq üçün İtaliyada qaldım, digər ölkələrə konfranslara getdim, qonaq tədqiqatçı kimi üç ay London, üç ay Kembricdə oldum. Əsas məqsəd yazılarını sevdiyim filosoflarla tanış olmaq idi. Yoxsa, yer dəyişdirməyi və ümumiyyətlə səhayət etməyi sevmirəm. Amma qorxuram mən də ortabab olacam. O adamlar “dəli dahi” deyillər amma həqiqətən də ağıllıdırlar. Yazılarını oxuyanda bəzən “oy da, nə bomba arqument qurub” deyib qorxuram ki, mən belə arqument qura bilməyəcəm, onlar da mən yazanı oxuyanda “oy da, nə bomba arqument qurub” deməyəcəklər. “Meh” deyəcəklər.
Bu “ən yaxşılardan olanları” tanımaq və eyni zamanda “ən yaxşılardan olmaq” istəyi irrasionaldır? Birincisi rasional və çox normal bir şeydir. Yəqin ki hamıda bu istək ver. Məsələn, siz Messi və ya Ronaldo kimi futbolçuları şəxsən tanımaq istəməzsiniz? Sonuncusu da normal istəkdir. Öz sahəsində uğurlu olan adamlar pulları olsa da pensiyaya gec çıxmağa çalışırlar çünki həm öz işlərini sevirlər, həm də o işin gətirdiyi prestijdən həzz alırlar. İş onların həyatına məna əlavə edir. Həyat onsuz da mənasızdır. Təsadüfən və təəssüf ki, doğulmuşuq. Əgər mənalı olan nəsə varsa, onda bir işi mükəmməl görməkdən alınan həzzdən daha mənalı bir şey ağlıma gəlmir.
Ən yaxşılardan olmağa həvəs “will to power” ilə əlaqəli olduğunu düşünürəm və bunu insan üçün təbii istək hesab edirəm
Uğurlar