Skip to content

Mən Niyə Müsəlman Deyiləm

Əvvəl dindar olmuş bir çox tanışım dindən təmiz uzaqlaşsa da özlərini hələ də müsəlman hesab edirlər, özlələrinə deist və ya ateist deyən tanışlarım isə dindən mərhələli şəkildə uzaqlaşıb və nəhayət İslamdan çıxıblar. Bu iki qrupdan fərqli olaraq mən bir gündə İslamdan çıxıb ateist oldum, daha dəqiq desək, 2016-cı ilin yanvarın əvvəli (8 və ya 9-u) axşam namazını qılıb yatsı vaxtı ‘daha müsəlman deyiləm, Allah da vecimə deyil’ dedim, səhəri gün də Budapeştdə Jadermann caz kafeyə gedib caz dinləyərək ilk dəfə içki — viski içdim. Burada isə necə dindar olduğumu və İslamdan nəyə görə çıxdığımı — həmin prosesi danışmaq istəyirəm. Məqsədim İslama teokratik yanaşmaq, onu təhlil etmək yox, sırf öz hekayəmi danışmaqdır. Bu hekayənin hazırda müsəlman olan gənclərə faydalı olacağını — onların öz inanclarını sorğulayacağını, nəticədə imanlarının güclənəcəyini və ya zəifləyəcəyini ümid edirəm.

Mən 1994 təvəllüdəm və çox adam kimi mənim ailəm də tipik Sovet müsəlmanıdır (mən müsəlman olandan sonra bacım da bir müddət namaz qılıb sonra atdı). Allaha inanırlar, özlərinə müsəlman deyirlər, Ramazanda içki içmirlər və bəziləri oruc tutur, pirdən keçəndə radionu söndürürlər, Quran və ya hədis oxumayıblar, namaz qılmırlar. Özlərinin sünni olduqlarını bilsələr də sünni-şiə fərqini ‘o vaxtı iki əmioğlu hakimiyyət üstündə dalaşıb, sünni-şiə bölünməsi də oradan yaranıb, boş şeydir’ deyə izah edirdilər. Şiə talış qonşumuz (o vaxtı yox, amma sonradan o da oğlunun təsiri ilə namaza başladı amma başını bağlamır, deyir ürəyim sıxılır) öz nəvələrini danlayanda onlara Ömər deyirdi, bizimkilər bunu başa düşmürdü çünki biz elə görmüşdük ki, kimisə danlayanda və ya bəyənməyəndə ona Yəzid /Yezid deyilir. Qısası, əksəriyyət kimi mənim də ailəm və qohumların sözdə müsəlman idilər, İslamdan isə xəbərləri yox idi.

Azərbaycanda gənclərin yavaş-yavaş namaz qılmağa başladığı bir dövrdə mənim də qohumlarımdan bəziləri namaza başladı. Lakin bu qohumlarla yaxın əlaqəm olmadığına, onlar Şamaxıda yaşadığına görə onlar mənə təsir etmirdilər. Mənə təsir edən şey yaşadığım yerdə — Sahil qəsəbəsində əvvəllər yeyib-içən və yaş fərqimizin çox olmadığı qonşularımızın namaza başlaması oldu. Qonşularımız və qəsəbədəki digər namaza başlayanları iki yerə bölməliyəm. Mənim təsirləndiyim, mənə ‘aaa, biz əslində müsəlmanıq e’ hissini yaşadanlar şiələr idi. Belə ki, şiələrin dindarlaşmasından əvvəl Sahil qəsəbəsində vəhabilər tez-tez gözə dəyirdi, hətta qonşularımız arasında da vəhabilər var idi lakin onların vid-fasonu heç kimin xoşuna gəlmirdi, mən də məktəbli uşaq idim (aşağı siniflərdə oxuyurdu) deyə məhəllədə insanların vəhabilərə yad münasibət bəslədiyini görüb özümü vəhabilərdən uzaq tuturdum. Binamızın 8-ci mərtəbəsində üç qardaş yaşayırdı, onların biri həmişə Novruzda kosa paltarı geyinib bütün məhəlləni əyləndirirdi, digərləri isə odun yığılmasında və tonqalın təşkilində əsas rol oynayırdılar. Məhəllədə sevilən uşaqlar idilər. Sonradan vəhabi oldular, saqqal uzatdılar və şalvarlarının ətəyi gödəldi. Ailələrində problem yaratmağa başladılar, analarını örtünüb namaz qılmağa məcbur etdilər. Məhəllə camaatı ilə araları soyudu, evlərinə saqqallı kişilər girib-çıxmağa başladı. Yan məhəllələrdə 20-li yaşlı gənclərdən vəhabi olanlar oldu və camaat bu tendensiyanı qəti bəyənmirdi. Bizim bu üç qardaş qonşumuzun sonradan ikisini tutdular — arxa binadakı anası rus (ya da tatar) olan vəhabi qaqaşı da tutdular. Gecə vaxtı bizim bina mühasirəyə alındı və sonradan eşitdik ki, qonşunun evindən silah və qumbara tapıblar (rəsmi məlumatı oxumamışam, söz-söhbət belə gəzirdi). Səhv etmirəmsə qardaşların biri hələ də həbsdədir, bu yaxınlarda TV-də də görmüşdüm. Onlar vəhabi olmazdan əvvəl mən də daxil olmaqla məhəllə uşaqlarına çox yaxşı rəftar edirdilər, ən əsası isə Novruzu məhəllədə onlar təşkil edirdi deyə hamının onlardan xoşu gəlirdi. Təəssüf.

Qısası, vəhabilərə hamı pis baxırdı, mən də daxil. Ona görə də onların mənim üzərimdə bir təsiri yox idi. Vəhabilərdən bir neçə il sonra şiə qonşular da namaza başladılar. Vəhabilərdən fərqli olaraq şiələrin vid-fasonunda problem yox idi. Uzun saqqal saxlamırdılar, normal geyinirdilər, qonum-qonşu ilə münasibətləri pozmurdular. Ona görə də onların namaza başlaması, ya da camaatın dilində desəm, ‘molla olması’ insanları narahat etmirdi. Tam tərsinə, onlara hörmət edirdilər, deyirdilər filankəsin oğlu daha içmir, namaz qılır, maaşını ailəsinə gətirir və s. Həm də bu şiələrin çoxu bakılı idi, belə də bir fikir var idi ki, bakılı ya narkoman olur və kamazla kubik daşıyır, ya da namaz qılıb daha yaxşı işlə məşğul olur. Narkomandansa, namaz qılan yaxşıdır. Şiə dindarları həm sekulyar şiələr, həm də sekulyar sünnilər özümüzkü kimi qəbul edirdi, vəhabilər isə yad idi. Beləliklə, bu şiə dindarlar mənim üçün də özümüzkü idi amma hələ 15–16 yaşım var idi və mənə heç kim din təbliğ etmirdi.

Bir haşiyə çıxmalıyam. Elə həmin ərəfədə bizim bloka bir ailə köçmüşdü, ər-arvad və üç qız uşağı. Qızlar baxça yaşında olsa da başların bağlayırdılar, ataları isə molla fason bir adam idi. Qəsəbəyə yeni köçmüşdülər, gənc ailə idi və mehriban idilər deyə camaat da onlara xoş münasibət göstərirdi. Hətta bir dəfə həmin kişi (adı yadımda deyil) bizə də gəlib mənimlə din barəsində söhbət etmişdi. Ailəm də otaqda idi, ona inanırdılar deyə mənə dini təbliğ etməsinə pis baxmamışdılar. Mən də qulaq asdım, nəsə kitabça verdi amma oxumadım o kitabçanı və bu kişi hələ binaya yeni köçmüşdü deyə ona yad kimi baxırdım. Təklif etmişdi ki, istədiyim vaxt gedim onlara və onun dini söhbətlərinə qulaq asım (sünni idi amma bilmirəm daha nurçu və ya fətullahçı idi, ya yox; dəqiq bilirəm ki, vəhabi deyildi). Mən də yola verdim, heç vaxt da getmədim onlara. Sonra binadan çıxıb Qəsəbənin kənarında — Qaradağ deyilən yerdə həyət evinə köçdülər. Bir neçə il sonra da maşın qəzasında öldüyü xəbərini eşitdim.

Bu şiə dindarların biri məhəllədə aktiv idi, özü hamıdan pul yığdı və binanın istilik sistemini dəyişdirdi, bütün prosesi o təşkil etdi və hamı da ondan razı qaldı. Hətta binadakı kasıb ailələrdən pul almadı, onu da digər qonşulardan yığdı. Əlavə olaraq, məhəllədə skamyalar qurdu, məhəlləni sahmana saldı. Özünü bizim muxtar kimi aparırdı, işini yaxşı görürdü və insanlar da onu bəyənirdi. Bu şiələr yığışıb namaza gedirdilər, söhbətləşirdilər öz aralarında (heç vaxt söhbətlərini eşitməmişəm), onların bu icma ruhu xoşuma gəlirdi. Vəhabilərdən fərqli olaraq qıraqdan baxanda şiələrdən qaramatlıq yağmırdı, deyib-gülürdülər arada və dolayı yolla da mənə təsir edirdilər.

Onuncu sinifdə oxuyanda ailəmə dedim ki, namaza başlamaq istəyirəm. Dedilər hələ tezdir, uşaqsan, hazırlıqlara gedirsən, məktəbi bitir sonra başlayarsan. Mən də dirəşmədim, onsuz da müsəlman olduğumuzu yeni-yeni dərk edirdim və içimdə bir Allah sevgisi də yox idi. Müsəlmanlığa prosedural yanaşırdım, mənim gözümdə din müəyyən qaydalar məcmuəsi idi və Allah sevgisi söhbəti mənə çatmırdı. Ona görə də fikirləşdim ki, ailəm yox deyirsə, günahı da onların boynunadır, mənə nə? Məktəbi bitirim, sonra baxarıq. 2011-ci ildə məktəbi bitirdim, Bakı Dövlət Universitetində Amerikaşünaslıq ixtisasına qəbul olum və həmin ilin avqustunda namaza başladım. Yay olduğu üçün Çuxuryurddakı evimizdə idim və Şamaxıdakı sünni qohumlarımızdan biri mənə namazı öyrətdi. O da sən demə əvvəl vəhabi olub deyə mənə hənbəli namazını öyrətdi, sonradan mən hənəfiliyə keçdim və dədə-baba qaydasında namaz qıldım.

Beləliklə, namaza başladım. Gündə 6 dəfə namaz qılırdım çünki yatsıdan sonra vitri də qılmağımı demişdi qohum. Dedi fərz deyil amma vacibdir. Nə qədər etsəm də fərz ilə vacibin fərqini başa düşmədim, dedim nəysə, bunu da qılıram, onsuz da 3 rükətdir. Digərlərinin də sünnətini qılırdım deyə gündə təxmini 40 rükət namaz qılırdım. Dərslər başlayanda bəzən sırf fərzləri və vitri qılırdım amma ümumilikdə əksərən sünnətləri də qılırdım. Avqust ayında bir az bezdirici gəlirdi bu namazlar, adam nə qədər dəstəmaz alar. Yaydır, Çuxuryurdda qarpız yeyib çay-su içirəm, hər dəfə get işə, sonra yenə dəstəmaz al, əyil-dur, əyil-dur, ərəbcə sözlər denən, görmədiyin mələyə salam ver və qurtar, sonra da get əl-Buxarinin hədis kitabını oxu, bir neçə saat sonra da yenə bunları təkrarla. Həmin yay əl-Buxarinin məndəki təxmini 400 səhifəlik kitabını oxudum, bütün o kitabdan yadımda bir şey qaldı — Peyğəmbər deyib ki, çöldə tualetə gedəndə özünüzü təmizləmək üçün təzək yox, daşdan istifadə edin. Bu hədisin mənim həyatıma heç bir təsiri olmadı, 27 yaşım var, hələ də çöldə böyük bayıra getməmişəm ki, özümü təmizləməyə daş axtarım. Ümumiyyətlə, qohumumuz o hədis kitabını mənə niyə vermişdi başa düşmədim. Özü də maraqsız kitab idi. Həmin yay da məndə Allah sevgisi yaranmadı, o nə olan şeydir başa düşmədim. Namazı robot kimi qılırdım. Elə bil vergi idarəsində qarşısınıza kağız qoyurlar ki, vətəndaş, buranı imzala, sən də kağızı oxumamış imzalayırsan ki, sən canı əl çək məndən. Mən də namazı elə qılırdım. Dəstəmaz al, əyil-dur, ərəbcə bir-iki kəlmə de, mələyə salam ver qurtarsın bu söhbət.

Məktəb vaxtı Xristianlıq və İudaizmlə bağlı bir qədər oxumuşdum amma o söhbətlər mənə qəribə gəlirdi. Namaza başlayandan sonra 17–18 yaşımda Quranı da oxudum, bu söhbətlər də çox oxşar idi və qəribə gəlirdi. Qurandakı bir çox ayəni ümumiyyətlə başa düşmürdüm. Quranın türkcə meallerini də oxuyurdum və görürdüm ki, buradakı bir çox şeyin vaxtı keçib. N qədər ayə var ki, həmin dövrdəki ərəblərə xitab edir və indi bu ayə sadəcə olaraq tarixi əhəmiyyət daşıyır. Onları oxuyanda əsəbləşirdim ki, bunu mənə niyə oxutdurursunuz? Redaktə edib atın da bu ayələri. Tarixçiyə maraqlı olsa gedib Quran tam versiyasını oxuyar. Oturmuşam Bakıda, Quran mənə deyir ki, icazə almamış başqasının evinə girmə (Nur surəsi, 27). Heç dəxli var? Belə şeylərə görə də mənə Quran maraqsız gəlirdi. Öyrəşdiyim kitablar kimi yazılmamışdı. Dili qəribədir, cümlələr qəribədir, bir hekayə danışmır, bölük-bölükdür. Elə bil mülki məcəllə oxuyursan, çox belə maraqsız. Özü də kitabı və hədisləri oxuduqca görürdüm ki, qadınla kişi bərabər deyil, geylər qəbul edilmir, qeyri-müsəlmanlardan əlavə vergi alınır və s.

Ən əsası isə nə qədər əlləşsəm də Allah bizi niyə yaradıb sualına cavab tapa bilmədim. Sonra oxudum ki, Allah tək olub, cinləri, mələkləri və sonradan da insanları yaradıb ki, ona boyun əysinlər və onun böyüklüyünü dərk etsinlər. Allah öz qüdrətini alqışlaması üçün digər varlıqları yaradıb. Bu da mənə qəti ləzzət eləmədi. Çox eqoist davranışdır. Yəni mən bu dünyada yaşayıram, bu qədər qayda-qanuna əməl edirəm ki, Allah özünü yaxşı hiss etsin? Sonra oxudum ki, yox e, əslində Allahın bizim dualarımıza, ibadətimizə ehtiyacı yoxdur. Onda da sual yaranır ki, bəs ehtiyacı yox idisə bizi niyə yaratdı? (Sonradan ‘yoxluq var olmaqdan yaxşıdır’ düşüncəsi məni antinatalizmə gətirib çıxardı və hələ də antinatalistəm, hesab edirəm ki, uşaq dünyaya gətirmək əxlaqsızlıqdır. Camaata sual verirsən ki, niyə uşaq yaratmısan — doğmusan və əkmisən — bütün verdikləri cavablar eqoist cavablardır. Gedib öz ana-atanıza sual verin, görün nə cavab verəcəklər). Bu suala heç cürə məni razı salacaq, eqoistlik kimi görmədiyim cavab tapa bilmədim. Və bu suala cavab tapmamağım dindən çıxmağımdakı əsas amillədən biri olacaqdı. Birincisi, məni niyə yaratmısan? İkincisi, lap tutaq ki, eqoistlik edib yaartdın, niyə Azərbaycanı seçdin, yer qıtlığı idi?

Bu suala cavab tapmasam da, İslamın qadınlara, geylərə və qeyri-müsəlmanlara (kitab əhli olmayanlar da daxil) münasibətini bəyənməsəm də, İslami dövlətdə qeyri-müsəlmanlara ayrı-seçkiliyi ədalətsiz saysam da 4 il yarım namaz qıldım, oruc tutdum və heç vaxt da namaza ara vermədim. Hədislərdə oxumuşdum ki, Hz. Əli deyib dindən soyusanız da namazı atmayın, Hz. Ömər də buna oxşar nəsə deyib. Ona görə də bu 4 il yarım Allah sevgisi olmadan, hətta Allahla fikir ayrılıqlarıma baxmayaraq namaza və bütün əsas dini qaydalara əməl etdim. İçki haramdır? İçmirəm. Zina haramdır? Etmirəm. Donuz əti haramdır? Yemirəm. Namazı vaxtında qılıram — hətta BDU-da oxuyanda da tənəffüsdə namaz qılırdım, Sahil qəsəbəsində yaşayanda Yasamaldan evə getməyim azı saat yarım çəkirdi deyə günorta namazını 97 (sonradan 197 oldu) nömrəli avtobusda oturaraq, bəzənsə ayaq üstə qılırdım (onları da öyrənmişdim) ki, ikindinin vaxtı girməmiş fərzi qılım, sonra qəzaya qalmasın. Bu müddət ərzində bəlkə də cəmi bir neçə dəfə yatıb qalmışam və sübhü vaxtında qılmamışam. Qısası, dini qaydalara robot kimi əməl edirdim və ümid edirdim ki, mən dindən soyumadıqca nə vaxtsa məndə Allah evgisi də yaranacaq.

Bilərəkdən pozduğum bircə qayda var idi — qızlar əl uzadanda mən də əl verib salamlaşırdım. Əslində bunu etməməli olduğumu bilirdim amma dinə sırf qaydalar məcmuəsi kimi baxdığımdan fikirləşirdim ki, bu, kiçik qaydadır, zina zad deyil, pozsam heç nə olmaz. Onsuz da ayda-ildə bir dəfə bir qız əlin uzadır, mən də əlimi uzatsam heç nə olmaz. Lakin məndə Allah sevgisi olsaydı məhz Allaha xoş getsin deyə qızlarla görüşüb salamlaşmazdım. Allah sevgisi məndə olmadığından Allaha məmur kimi baxırdım — əksər və əsas qaydalara əməl etsəm, belə xırda qaydanı pozdum deyə mənə heç nə eləməz, eləsə daha bu, insafsızlıqdır.

BDU-da oxuyanda birinci kursda səhər növbəsi idik. Cümə günü sonuncu dərs ingilis dili olurdu, dərsdən çıxan kimi atası vəhabi olan bir sinif yoldaşımla qaça-qaça gedirdik Diyanət Məscidinə (Yasamalda türk liseyinin yanındakı məscid) camaat namazına. O, əslində dinlə mənim qədər maraqlanmırdı, onsuz da evdə dədəsi başın xarab edirdi, universitetdə də mən onu dartıb yay-qış cüməyə aparırdım. Çöldə qar yağanda biz it daşşağı kimi əsə-əsə ayağımızı yuyurduq. Cüməyə gedib xütbəyə qulaq asırdım ki, imanım artsın amma artmırdı, mollanın sözləri mənə boşboğazlıq kimi gəlirdi. Nəysə. İkinci kursda günorta növbəsi olduğumuzdan camaat namazına gedə bilmirdim. Cümə olmayan bir gün, may və ya iyunda namaz üçün yenə həmin məscidə getdim. Namazdan sonra məscidin işçilərindən biri məni elə girişdəki otağına çağırdı. Otaqda soruşdu kiməm, nəçiyəm. Mənim də uzun saçım var idi və saçımı yığmışdım, əynimdə də brici var idi (bilirdim ki, kişilər dizdən aşağını aça bilər, ona görə də brici geyinirdim). Mülayim də olsa irad tutdu ki, saç və şortik (brici demirdi, şortik deyirdi) dinimizdə bəyənilmir. Mən də yaxşı deyib çıxdım. Amma təbii ki, ürəyimdə ‘soxum sənin molla ağzına’ demişdim. Ondan sonra bir də həmin məscidə getmədim. Günahı həmin göt mollanın boynuna. Ondan sonra ümumiyyətlə heç vaxt cüməyə getmədim. Amma şəhərdə olanda adi namazı qılmaq üçün həmişə məscidlərə gedirdim. Bilirsiniz də, Bakıda mərkəzdə sünni məscidi tapmaq çətindir. İçərişəhərdə bir sünni Ləzgi məscidi var, bir də şiə Cümə məscidi. Ləzgidə bir neçə dəfə olmuşam, orada çox dar idi və hamı da belə saqqaldı idi deyə hürkürdüm, ora getmirdim. Həmişə şiə Cümə məscidinə gedirdim. Bir dəfə ora Məhərrəmlik ayında getdim, gördüm ki, kişilər ağlayır. Molla hönkürüb deyir nə bilim kiminsə qolun kəsdilər, bunlar da ağlayır. Sonra da Əbəlfəz deyib ağlayırdılar. Heç nə başa düşmədim, 14 əsr əvvəl kimsə ölüb, Allah rəhmət eləsin, daha niyə ağlayırsınız? Bu söhbətlər mənə qəti çatmırdı və ümid edirdim ki, bir gün imanım o qədər güclənəcək ki, mən də dini şəhidlərin adı gələndə kədərlənəcəm. O gün heç vaxt gəlmədi.

2015-ci ilə qədər mən Bakıda olanda müsəlman dostlarım da var idi amma mən liberalizm və anarxizmlə maraqlanırdım, mənə fərdi haqlar mövzusu maraqlı gəlirdi və artıq dini mətnlər oxumurdum çünki dini mətnlər ürəyimi sıxırdı. Həmçinin dini mətnlərin Allah və Peyğəmbərə zərrə qədər də olsun tənqidi yanaşmaması xoşuma gəlmirdi. Həmin mətnlər mənim gözümdə AzTV-lik edirdi. Fikirləşirdim ki, nə olsun Allah bizi yaradıb, bizdən soruşub heç yaranmaq istəyirik, ya yox? Yaradıb, sonra da deyib ki, bu çətin həyatı yaşamalısan, özü də kefin istədiyi yox, mənim dediyim qaydalara əməl edərək yaşamalısan. Qaydaları pozsan səni cəhənnəmdə yandıracağam. Zordur da, məndən icazə almadan məni yaradır, sonra boynuma mükəlləfiyyətlər qoyur və deyir qaydanı pozsan səni cəzalandıracağam. Bu növ Allaha qarşı məndə necə sevgi yaransın? Bu Allah diktatordur. Ay nə bilim mərhəmətlidir, bağışlayandır, bizi sevir və s. və i. bunlar mənə maraqlı deyil. A kişi, məni niyə yaratmısan? Mənim boynuma niyə mükəlləfiyyət qoyursan? Bu sualların cavabı maraqlandırırdı məni. Və bu növ Allah mənə dövləti xatırladırdı. Dövlət də biz doğulandan deyir sən mənim yuristikamdasan, qaydalar bunlardır, əməl etməsən səni həbs edəcəyəm, cəzalandıracağam. Heç olmasa demokratik dövlətdə prinsip etibarilə qaydaların dəyişdirilməsində mən də vətəndaş kimi iştirak edə bilərəm. Amma Allahın qoyduğu qaydalarda mənim elə bir söz haqqım yoxdur. Yedin-yemədin xiyardır. Ümumiyyətlə, Allah bizi özünə bərabər görmədiyindən bizə özünə qarşı bir haqq verməyib. Nəysə, bu kimi analogiyalar məni anarxizmlə maraqlanmağa sövq etdi (hələ də anarxistəm, hətta Mərkəzi Avropa Universitetindəki magistratura tezisimi də anarxizmdən yazdım). Cavan adamam, qan qaynayan vaxtı, bir yandan Allah dirəşib ki, bu qaydalara əməl etməsən səni yandıracağam, o biri yandan dövlət dirəşib ki, bu qaydalara əməl etməsən səni həbs edəcəcəm. İkisi də məni boğaza yığmışdı və anarxizm bunların hər ikisinə də ‘sikdirin’ deyirdi.

2015-ci ildə Budapeştdəki amerikan universiteti olan Mərkəzi Avropa Universitetinə qəbul oldum. Əvvəlcə təqaüd alanları bir aylıq İstabulda yay məktəbinə apardılar, Ortaköydə qəşəng bir tələbə yataqxanasında qaldıq və bizə akademik yazı öyrətdilər. İlk dəfə İstanbulda olanda çoxlu qeyri-müsəlmanla tanışlıq qurdum, hamısı da normal adam idi. Hətta bir belarus qaqaşla dost oldum. O da eyni təqaüdlə Esseks Universitetinə qəbul olmuşdu. Sonradan mən onun yanına getdim, o mənim yanıma gəldi, Belarusa da getdim, o da iki dəfə Bakıya gəldi — çox yaxın dost olduq və hələ də dostuq. Yay məktəbindən sonra Budapeştə oxumağa getdim. Orada yataqxanada qalırdım. Demək olar bütün sinif yoldaşlarım keçmiş sosialist ölkələrindən və ya Qərbdən idi, yəni hamısı xristian mühitdən gəlmişdi. Onlarla çox yaxşı münasibətim var idi, yaşca hamısından kiçik idim, cəmi 21 yaşım var idi deyə mənə kömək edirdilər — həm dərslərdə, həm də məişət məsələlərində. Bu dəfə də qeyri-müsəlmanların arasına düşdüm və hamısı ilə də yola gedirdim, yaxşı adamlar idilər. Nəzəri olaraq əxlaqın İslam və ya hansısa din ilə əlaqəsinin olmadığını bilirdim amma ilk dəfə bunu öz gözümlə müşahidə etdim. Ətrafımdakılar xristian, ateist, deist adamlar idi və heç biri də əxlaqsız deyildi — tam tərsinə mənə kömək edirdilər, mehriban idilər. Bu, təbii ki, mənə təsir etdi. Artıq İslamla əxlaq nəzəri olaraq yox, əyani olaraq da gözümdə ayrıldı. Yaxşı adam olmaq üçün müsəlman olmaq şərt deyil.

Amma yenə də namaza davam edirdim çünki mənim müsəlman olmaqdakı məqsədim yaxşı adam olmaq deyildi. Sırf Allah var, bizə bunu buyurub deyə müsəlman idim. Lakin istər siyasi görüşümə görə, istərsə də əxlaqi fikirlərimə görə İslam ilə aramda uçurum artmaqda idi. Mən insanların əxlaqi olaraq bərabər olduğunu hesab edirəm amma İslamda kişi, qadın, homoseksual və qeyri-müsəlmanların haqları eyni deyil. Mən anarxistəm və birbaşa razılıq olmadan heç bir avtoritetin insanı idarə etməməli olduğunu düşünürəm, İslamda isə belə bir qayda yoxdur, müsəlman əmirə və dövlətə itaət etmək fərzdir, hətta Allaha da itaət etməliyik. Yadımdadır mənə müsəlman dostlar deyirdi ki, İslamda məcburiyyət yoxdur. İstəsən dindən çıxa bilərsən, Allah bizə seçim azadlığı verib. Pay atonnan! Seçim azadlığına bax da — ya mənə itaət et, ya da səni yandıracağam. Ölüm də seçim azadlığıdır axı. Başına dəysin elə azadlıq. Həmçinin İslamın siyasi nəzəriyyəsini, siyasi legitimliyini də heç vaxt başa düşə bilmədim, konkret bir qayda yoxdur. Məsələn, dövləti iradə edən adamı kim seçir? Hansısa bir Şura? Bəs həmin Şuranı kim seçir? Adi adamın bu idarəetmədə söz haqqı nədir? Qanunverici orqan olurmu? Ümumiyyətlə, hamının iştirak etdiyi bir seçkili orqan olmalıdırmı? Xalq hansısa dini qaydanı bəyənməsə onda həmin qayda xalqın iradəsinə rəğmən icra edilirmi? Bu kimi fikir ayrılıqları İslamla aramdakı uçurumu o qədər dərinləşdirdi ki, artıq namaz vaxtı gələndə özümdən iyrənirdim.

Beləliklə, 2016-cı il yanvarın 8 və ya 9-u axşam namazını qıldım. Sonra fikirləşdim ki, daha bu qədər bəsdir. Hz. Əli də məni bağışlasın amma mənimkisi dindən soyumaq deyil. 4 ildən çoxdur namaz qılır və oruc tuturam, amma yenə də məndə Allaha sevgi yaranmayıb, tam tərsinə, Allah deyilən varlıqdan zəhləm gedir. Ona görə də yatsı namazı vaxtı dedim ki, mən daha müsəlman deyiləm, Allahın var olub-olmaması mənə maraqlı deyil. Bununla da apateist oldum — yəni Allah və ya hansısa Yaradan varsa belə, bu, mənim vecimə deyil və onun qaydaları da mənim vecimə deyil. Lakin kiməsə apateizmi izah etmək çətindir deyə özümə qısaca ateist deyirəm. Onsuz da praktiki olaraq ateist ilə apateist arasında fərq yoxdur. Əsas fərq budur ki, mən özümə əziyyət verib ateist kitabları oxumur, Allahın və ya hansısa Yaradıcının mövcud olmadığını göstərmək üçün arqument axtarmıram. Bu vaxta kimi bircə dənə də olsun ateizmi müdafiə edən və ya dini sorğulayan kitab oxumamışam. Mövzu maraqsızdır. Allah var? Gözüm aydın, vecimə də deyil.

O vaxtdan bəri, təxmini beş il yarımdır namaz qılmıram və praktiki olaraq ateistəm. Özümü sırf bu baxımdan çox rahat hiss edirəm, yəni mən Allahı niyə sevmirəm? deyə düşünüb deməli, günah məndədir, imanım zəifdir dərdim yoxdur. Allah varsa belə məni o yaradıb, mənə qanunlara tabe olmağımı deyirsə, isbat yükü ondadır. Mən özümü onu sevməyə məcbur etməməliyəm, Allah özü əziyyət çəkib öz varlığını mənə isbatlamalı, gözümdə legitim olmalı və özünü mənə sevdirməlidir. Ondan sonra məni inandırmalıdır ki, mən onun qoyduğu qaydalara uyğun yaşamalıyam. Kefim istəsə onun qaydalarına əməl edərəm, kefim istəməsə əməl etmərəm. Beləliklə, Sahil qəsəbəsindəki şiələrdən dolayı olaraq təsirlənib dindar oldum, dörd il yarım əsas dini qaydalara zahirən əməl etsəm də məndə Allah sevgisi yaranmadı. Məni maraqlandıran suallara cavab da tapa bilmədim və 22 yaşıma az qalmış dindən çıxdım. Müsəlman olduğum vaxtı ciddi müsəlman idim, yəni o yaşdakı gənclərin etdiyi haramlardan (içki, zina) uzaq idim, namazı da vaxtında qılırdım. Daxilən yox, prosedural olaraq müsəlman olduğumdan, namazı robot kimi qıldığımdan dindən çıxmağım da çox rahat oldu.

Cavan müsəlmanlara məsləhətim budur ki, dinin sizə əmr etdikləri ilə öz dəyərlərinizin üst-üstə düşüb-düşmədiyini sorğulayın. Siz qadın və kişinin bərabər olduğu, homoseksualların və qeyri-müsəlmanların ayrı-seçkiliyə məruz qalmadığı, hər kəsin dövlətin gözündə (güman edirəm ki, anarxist deyilsiniz) bərabər olduğu, dövləti idarə edənlərin xalq tərəfindən seçildiyi, dövlət başçısının bir neçə il sonra hakimiyyətdən getdiyi yəni ömrünün sonuna qədər vəzifədə qalmadığı, insanların istəmədiyi qanunun xalqın iradəsinə zidd olaraq icra edilmədiyi cəmiyyətdə yaşamaq istəyirsiniz, ya yox? Qadınlar istədiyi kimi geyinə bildiyi, məcburi başlarının örtülmədiyi cəmiyyətdə yaşamaq istəyirsiniz, ya yox? İnsanların istəyəndə içki içə bildiyi, oğlanla qızın əl-ələ gəzə bildiyi, sevgili ola bildiyi, evlilikdən kənar kimsə sevişib deyə dövlət tərəfindən cəzalandırılmadığı cəmiyyətdə yaşamaq istəyirsiniz, ya yox? Bu suallara cavabınız yoxdursa, onda niyə Əfqanıstana, Səüdiyyə Ərəbistanına köçmürsünüz? Sizin siyasi və əxlaqi fikirləriniz ilə İslamın siyasi və əxlaqi fikirləri üst-üstə düşür? Düşmürsə, ya siz fikirlərinizi dəyişdirib İslamla ayaqlaşmalısınız, ya da İslamdan çıxmalısınız. Orta yol yoxdur, mənim kimi gənc yaşınızda gözəl illərinizi israf edib elə bir yol axtarmayın.

Leave a Reply